Fransa hökuməti son iki ildə ölkədə 24 məscidi bağlayıb

Fransa hökuməti, imamının radikal düşüncəli olduğunu iddia edərək, ölkədə daha bir məscidi bağlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən, çərşənbə günü daxili işlər naziri Gerald Darmanin Bas-Rhin bölgəsində yerləşən Obernai məscidinin bağlanması prosedurlarına başlanılması barədə göstəriş verib.

Nazirlik məscidin imamını ekstremist fəaliyyət göstərməkdə, Fransa əleyhinə mövqe tutmaqda və respublika dəyərlərinə qarşı təxribat xarakterli açıqlamalar verməkdə ittiham edir.

Darmanian özü də Twitter-dəki paylaşımında məsələ ilə bağlı belə bir paylaşım edib:

"Biz son iki il ərzində separatçı fəaliyyətlərlə bağlı 23 məscidi bağlamışıq.”

O əlavə edib ki, bağlanmalar prezident Emanuel Makronun “separatçı fəaliyyətlərlə” mübarizə tələbindən sonra baş verib.

 Fransa Daxili İşlər Nazirliyi məscidə gələn gənclərin çoxunun “radikallaşdığını” və onların bəzilərinin “Quran məktəblərində, Misirdə və ya Yəməndə oxumaq üçün Fransanı tərk etdiyini” iddia edib.