Fələstin səfirliyi “Əsrin sövdələşməsi”ni qondarma sənəd hesab edir

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi İsrail-Fələstin münaqişəsinin nizamlanmasını nəzərdə tutan "Əsrin sövdələşməsi” sənədi ilə bağlı açıqlama yayıb.
 
APA-nın verdiyi məlumata görə, səfirliyin açıqlamasında bildirilir ki, dünən dünya ABŞ Prezidenti və İsrail Baş nazirinin iştirakı ilə beynəlxalq hüquqa, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi 160-dan çox qətnaməyə açıq-aşkar zidd olan "Əsrin sövdələşməsi” adlı qondarma sənəd təqdim olunub.
 
Açıqlamada qeyd olunur ki, sənəd İsrailin siyasi spektrindəki ultra sağ qüvvələrdən ibarət koalisiyasının ideoloqları və Netanyahunun təxəyyülünün məhsuludur, ABŞ-ın hazırkı prezidentinin administrasiyası isə bu sənədin qəbulunu daha da təşviq edib.
 
Səfirlik bəyan edir ki, sözügedən sənəddə Fələstinin tarixi torpaqlarında qeyri-qanuni fəaliyyətin davam etdiriləcəyi ehtiva olunur.
 
Açıqlama Fələstin lideri Mahmud Abbasın sitatı ilə yekunlaşır: "Mən Trampa və Netanyahuya demək istəyirəm. Qüds satılmır, bizim bütün hüquqlarımız satılmır. Sizin sazişiniz və konspirasiyanız keçməyəcək”.
 
ABŞ-ın hazırkı Administrasiyası tərəfindən hazırlanmış Yaxın Şərq Sülh planı Fələstin-İsrail münasibətlərinin nizamlanmasını nəzərdə tutur.