Feyziyevlərin hesabındakı milyonların müsadirəsi məsələsi qaldırılıb

Milli Cinayət Agentliyi bu pulların Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edir.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) saytında Britaniyada Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin ailə üzlərinin adında olan bank hesablarında 15.3 milyon funt sterlinq pulun aşkar edildiyinə dair xəbərinin ardınca Londonda çıxan The Evening Standard mövzu barədə geniş material dərc edib.

Məqalədə deyilir ki, Azərbaycanın oliqarx ailəsindən olan və pəncərələri Londondakı Regent Parka baxan malikanədə yaşayan üç milyonçunun Britaniya banklarındakı 15.3 milyon funt sterlınq vəsaiti “çirkli pullar” kimi müsadirə oluna bilər.

Britaniya Milli Cinayət Agentliyi bu pulların Britaniyaya “qanunsuz” yolla gətirildiyini iddia edir.

Qəzet yazır ki, azərbaycanlı maqnat və millət vəkili doktor Cavanşir Feyziyevin arvadı Pərvanə Feyziyevanın, onların oğlu Orxanın və qohumları Elman Cavanşirin deputatın korrupsiya yolu ilə əldə edilmiş vəsaitindən mənfəətləndikləri iddia olunur.

Üçlük hər hansı qanunsuzluğa yol verdiyini inkar edir və iddia edir ki, ailənin sərvəti doktor Feyziyevin legitim biznes fəaliyyətindən qaynaqlanlır.

The Evening Standard yazır ki, Feyziyev Azərbaycanın ən varlı oliqarxlarından biridir və ailəsi üçün Regent Parkla üzbəüz milyonlarla dəyəri olan malikanə alıb.

Məqalədə deyilir ki, o habelə arvadı və oğlu üçün Britaniya Daxili İşlər Nazirliyindən investisiya vizası alınmasının da haqqını ödəyib.

Lakin qəzetin yazdığına görə, Britaniya Milli Cinayət Agentliyi – NCA Uestminister məhkəməsinə bildirib ki, Feyziyevin ailəsinə verdiyi pul bu ölkəyə Azərbaycanın pulyuyan maşını vasitəsi ilə transfer edilmiş qanunsuz sərvətdir.

NCA iddia edib ki, pulun Britaniyaya gətirilməsi üçün saxta sənədlərdən və saxta müqavilələrdən istifadə olunub.

Agentliyin vəkili Kollinqvud Tompson deyib ki, iddia olunan çirkli pul yuyulmasında “klonlanmış” və ya qondarma şirkətdən və pulun Estoniya və Latviya bankları vasitəsilə Britaniyaya köçürülməsi üçün başqa balıqqulağı şirkətlərdən istifadə olunub.

The Evening Standard yazır ki, Orxan Cavanşir, onun anası Pərvanə və Bakıda böyük tütünçülük şirkəti olan Elman Cavanşirin iddialara cavabı qarşıdan gələn günlərdə təqdim olunmalıdır.

Onların vəkili Çarlz Bottun əsas arqumentində iddia olunur ki, Britaniya Milli Cinayət Agentliyi bu işi üç milyonçunun hesabına edilmiş köçürmələrin təbiəti barədə “yanlış təsəvvürlər”, “ümumiləşdirilmiş ehtimallar” və “şişirdilmiş nəticələr” üzərində qurub.

Cənab Bott habelə deyib ki, NCA hesablardakı pulların cinayətdən gələn mənfəət olduğunu sübut edə bilməyib.

O əlavə edib ki, “qanuni yolla alınmış mülkiyyət” yalnız onun alınması “çirkli pulların yuyulması kimi qanunsuzluqla pozulmuş prosesdən keçməsi” səbəbi ilə müsadirə oluna bilməz.

Feyziyevlər ailəsinin məhkəmədən kənar verdiyi bəyanatda da NCA-in açdığı iş rədd edilir və iddia olunur ki, sözü gedən sərvət “doktor Feyziyevin uğurlu biznes karyerasından” qaynaqlanır.

Bəyanatda iddia olunur ki, doktor Feyziyev “bütün həyatı boyu çirkli pulların yuyulmasına qarşı olub və bununla mübarizə aparıb”.

AzadlıqRadiosu