Ermənistan sərhəddə atəşkəsi niyə pozur?

"Bu, onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar"

Bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasıyla bağlı xəbərləri şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan bölgədə soyuqlar düşənə qədər özünə aid hesab etdiklərini geri qaytarmağa çalışır:

"Azərbaycanla Ermənistan arasında Qarabağ üzərindən 30 il ərzində sərhəd olmayıb. Ermənistan torpaqlarımızın işğalından istifadə edərək illər boyu Azərbaycanın içərilərinə doğru irəriləyib, torpaqlarımıza yollar çəkib, mədənlər işlədib, heyvanlarını otarıb və s. Azərbaycan ordusu 44 günlük müharibədən sonra sərhədlərdə mövqelərini möhkəmləndirir. Beləcə Ermənistanın qanunsuz ələ keçirdiyi gölü, yolları, mədənləri, su və elektrik xətlərini itirir. Bu onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar. Ermənistanın baş naziri Nikol Paşinyan müharibə dövründə olduğu kimi sərhəddə də xalqına müqavimət göstərdiyini göstərməyə çalışır, ancaq itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq. Bizim işimiz isə həmin saziş imzalanana qədər bizə aid olanları geri qaytarmaqdır. Digər tərəfdən bu işi soyuqlar düşənə qədər bitirmək məcburiyyətindəyik", - deyə E. Şahinoğlu sosial media hesabında yazdığı şərhdə bildirib.