Ermənistan Qarabağa muzdluları göndərmək qərarı ilə sülhü mümkünsüz etdi

Ermənistanda nəinki Bakı və Yerevan arasında sülh danışıqlarını dayandırmağa, həm də Qarabağda aktiv hərbi əməliyyatlara təhrik etməyə qadir olan qərar elan edilib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

İyunun 28-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətinin idarə edilməsi üzrə Baş İdarənin rəis müavini, polkovnik Saak Saakyan Ermənistan rəhbərliyinin bu ölkənin vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərmək niyyətində olduğunu bildirib. "Artıq Arsaxda müddətli hərbçilər olmayacaq", - o deyib.

Saakyanın sözlərinə görə, Arsaxda xidmətin cəlbediciliyi üçün ciddi paket hazırlanıb. Paketə əsasən Arsax müdafiə ordusunda vakansiya müqaviləli əsgərlərlə tamamlanacaq.

İstanbulda yaşayan sülhməramlı İşxan Verdyan hesab edir ki, belə bir addım Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi və hər fürsətdə xatırlatdığı “sülh epoxası”nın yüksək səslə elan edilmiş gündəliyinə heç bir şəkildə uyğun gəlmir.

“Mən bu addımı son dərəcə destruktiv, aqressiv və təxribat xarakterli addım hesab edirəm ki, bu da Azərbaycan tərəfindən Qarabağ və Ermənistan üçün müvafiq acınacaqlı nəticələrə malik hərbi müdaxilə kimi yozula bilər. Hələ Paşinyanın bu qərar ilə Qarabağa xidmətə göndərmək istədiyi hərbçilərin həyatını təhlükəyə atdığını demirəm.

Öz həmvətənlərimə xəbərdarlıq etmək istəyirəm ki, bunun ardından Azərbaycan tərəfdən istənilən mümkün cavab gələ bilər və bu,  nəticə etibarilə yaxşı heç nəyə gətirib çıxarmayacaq.

Həmçinin hesab edirəm ki, Paşinyan bu addımı ilə sağlam düşüncəyə məhəl qoymayaraq, boş yerə qəsdən vəziyyəti gərginləşdirir və onu qəsdən elə dalana salır ki, ondan da ancaq bir çıxış yolu var - qan tökülməsi.

Bundan sonra şəxsən mən Ermənistan və Azərbaycan qoşunlarının təmas yerlərində bütün ölümləri Paşinyanın gələcək nəsillərə ödəyəcəyi (zəmanətlə) şəxsi hesabına aid edəcəm.

Sülh qaçılmazdır, amma hələlik ölkəni düşmən idarə edir- bu, mümkün deyil", - Verdyan əlavə edib.

Ermənistan vətəndaşlarını Qarabağa xidmətə göndərmək niyyəti barədə xəbər iyunun 26-da prezident İlham Əliyevin və onun hərbi müşaviri Məhərrəm Əliyevin son bəyanatlarına aydınlıq gətirir. Onlar Yerevana xəbərdarlıq ediblər ki, əgər ermənilər revanşist hərəkətlərini davam etdirsələr, sərhədlə bağlı danışıqları uzatsalar, bu, onların özləri üçün ağır nəticələrə başa gələcək.

Xatırladaq ki, 2022-ci il martın 24-də “Dağlıq Qarabağ Milli Məclisi”nin vitse-spikeri Qaqik Baqunts qoşunların Qarabağdan çıxarılması ilə bağlı Bakının tələblərini şərh edərkən deyib ki, “müdafiə ordusu öz normal fəaliyyətini davam etdirir və ondan imtina etməyi çəkməyi və bununla da ciddi səhvə yol verməyi planlaşdırmır”.

"Arsax Respublikası (Dağlıq Qarabağ - red.) əhalisinin təhlükəsizliyinə dəqiq təminatlar olana qədər biz bütün növ silahlı birləşmələri saxlayacağıq", - Baqunts bildirib.

Ermənistandan müqaviləli əsgərlərin Dağlıq Qarabağın qanunsuz silahlı qüvvələrində xidmət zərurəti DQ əhalisinin öz silahlı qüvvələrini kifayət qədər canlı qüvvə ilə təmin edə bilməməsilə izah olunur. Erməni hərbi ekspert, Razm.info saytının koordinatoru Karen Vrtanesyan etiraf edir ki, 100 min nəfərə yaxın əhalisi olan respublika  hətta Qarabağ müqaviləli əsgərlərinin hesabına belə müharibədən əvvəlki ordu ilə müqayisə olunan miqyasda ordu yaratmağa müvəffəq olmayacaq. “Odur ki, “Arsax müdafiə ordusu” nişanı, müxtəlif titullar və vəzifələr qorunub saxlanıla bilər, lakin onun altında ordu olmayacaq. Ən yaxşı halda, daxili və ya sərhəd qoşunları kimi bir şey olar”, - o, “Ъ” ilə söhbətində qeyd edib.

Fevralda Azərbaycan prezidenti Putinlə görüşündə deyib ki,  10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək bütün erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasını gözləyir. Üçtərəfli bəyanatın 4-cü bəndində deyilir ki, Rusiya sülhməramlı kontingenti heç bir konkretlik göstərilmədən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir.

Lakin rəsmi Yerevan bildirir ki, Bakı indiyədək Rusiya sülhməramlılarının yerləşdirilməsi üçün mandatı imzalamayıb, Qarabağ separatçıları isə bildirirlər ki, 10 noyabr bəyanatında “Dağlıq Qarabağ ordusu” haqda heç nə deyilmir.

Beləliklə, faktiki olaraq Ermənistan müxalifətinin sifarişlərini yerinə yetirən Nikol Paşinyan onsuz da çətin olan Azərbaycan-Ermənistan münasibətlərinə dinc nizamlanmanı mümkünsüz edən daha bir kart atdı.