Elmar Qasımov Avropada təhsil alan tələbələrlə onlayn görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Erasmus+” mübadilə proqramı çərçivəsində xaricdə təhsil alan BANM tələbələri ilə onlayn görüş keçirib.
 
Operativ.tv-nin məlumatına görə, onlayn görüşdə Ali Məktəbin Bolqarıstanın “Angel Kançev” adına Ruse, Yunanıstanın Qərbi Attika və İspaniyanın Alkala universitetlərində təhsil alan tələbələri, həmçinin, “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Nərgiz Tarıverdiyeva və mütəxəssisi Cəmilə Əskərova iştirak edib.
 
 
Rektor Elmar Qasımov bütün dünyada, eləcə də Avropada hazırkı çətin vəziyyətə baxmayaraq, təhsillərini əzmlə davam etdirən tələbələri təbrik edib. O, tədris müddətinin bir qismini geridə qoyan tələbələrin iyun ayında təhsillərini uğurla başa vuracaqlarına əminliyini ifadə edib. Rektor ümumilikdə, 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin “Erasmus +” mübadilə proqramı çərçivəsində təhsillərini Avropada davam etdirdiyini qeyd edib.
 
E.Qasımov bildirib ki, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, sağlamlıq və təhlükəsizliyə nəzarətin gücləndirilməsi, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə BANM-in “Erasmus +” və Beynəlxalq Proqramlar Ofisi tərəfindən tələbələrin təhsil aldıqları universitetlərlə sıx əlaqələr qurulur. Mütəmadi olaraq tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsindəki vəziyyəti ilə bağlı məlumatlar əldə olunaraq təhlil olunur. Bütün bunlara baxmayaraq, Rektor tələbələrə şəxsi gigiyena, həmçinin, yaşadıqları ölkədə tətbiq edilən karantin qaydalarına əməl etməyi və qidalanmalarına diqqət yetirməyi tövsiyə edib.
 
Tələbələr də öz növbəsində məskunlaşdıqları ölkədəki karantin rejimin qaydalarına ciddi əməl etdiklərini, təhsil aldıqları universitetlər tərəfindən təşkil edilən onlayn dərslərdə fəal iştirak etdiklərini, dərslərə və imtahanlara səylə çalışdıqlarını qeyd ediblər. Eyni zamanda, onlar özlərini yaxşı hiss etdiklərini və sağlamlıqlarında heç bir narahatlığın olmadığını vurğulayıblar.
 
Qeyd edək ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın "Angel Kançev" adına Ruse Universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov Yunanıstanın Qərbi Attika Universitetində, eyni ixtisasın III kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva və Sənan Həsənov isə İspaniyanın Alkala Universitetində təhsil alırlar.