Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur.

1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib.

Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.

İstintaq işini 10 ildən çox Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. Qətldən az sonra Azərbaycanın hüquq mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıblar.

Azərbaycanın bir sıra rəsmiləri müxtəlif vaxtlarda bəyan ediblər ki, Gürcüstan tərəfi Əliyev və Xubanovun Azərbaycana təhvil verilməsindən imtina edir. Eyni zamanda Azərbaycan rəsmiləri bəyan ediblər ki, Əliyevlə Xubanov İnterpol xətti ilə beynəlxalq axtarışdadırlar.

Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin sonunda ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

“Turan” agentliyi xəbər verir ki, martın 2-si saat 19.30-dan 21-dək Elmar Hüseynovun ölümünün ildönümünə həsr olunmuş “Elmara ədalət!” adlı virtual konfrans keçiriləcək. Konfrans “Youtube” kanalında və “Facebook” şəbəkəsində canlı yayımlanacaq.