Elman Paşayev qanunu pozduğunu etiraf etdi

Ölümlə nəticələnən yol qəzası hadisəsi ilə bağlı gedən məhkəmə prosesində aktyor Mixail Yefremovu müdafiə edən azərbaycanlı vəkil Elman Paşayev Peşə Etikası Məcəlləsini pozduğunu etiraf edib.

 

Operativ.tv “TASS” agentliyinə istinadən xəbər verir ki, Paşayev bildirib ki, müvəkkilinin müdafiəsi ilə bağlı mətbuata danışarkən, jurnalistlərə artıq açıqlamalar verib. Eyni zamanda, qeyd edib ki, Şimali Osetiya Vəkillər Palatasının kvalifikasiya komissiyası onun vəkillik fəaliyyətində heç bir qanun pozuntusu aşkar etməyib.

 

Vəkil Yefremovla işbirliyini şərh edərkən bildirib ki, bundan sonra əməkdaşlığın davam edib- etməyəcəyinə dair qərarı aktyorun özü verəcək.

 

Bununla yanaşı, Elman Paşayev REN TV-yə müsahibəsində Ədliyyə Nazirliyinin onu statusundan məhrum etmə təklifi barədə Vəkillər Palatası tərəfindən xəbərdar edilmədiyini və bu məlumatı jurnalistlərdən öyrəndiyini açıqlayıb.

 

“Bilmirəm, bu qərarın səbəbi nədir, əvvəlcə anlamalıyıq”,- deyə telekanal onun sözlərini sitat gətirib.

 

Qeyd edək ki, bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.