Elçin Sadıqov: "Hətta Vəkillər Kollegiyası da təzyiq edir"

"Vəkil peşəsini zəif, asılı və idarəolunan səviyyədən çıxarıb, müstəqil, güclü təsisata çevirmək lazımdır. Ancaq hazırki siyasi sistem və idarəetmə fəlsəfəsinin buna qadir olduğunu düşünmürəm”.
 
Bunu "Toplum TV”yə açıqlamasında vəkil Yalçın İmanov deyib. 
 
Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla dekabrın 28-i Azərbaycanda "Vəkil günü” peşə bayramı kimi qeyd edilir. 
 
Yalçın İmanov vəkilliklə bağlı problemlərin müxtəlif səbəblərdən ortaya çıxdığını deyir: "Azərbaycan vəkilliyinin çoxsaylı problemləri həm bu sahədəki qanunvericilik aktlarından, həm də praktiki məsələlərdən yaranır. Burada problemlərin sayı və əhatə dairəsi o qədər genişdir ki, bunları sadalamaq və təsnifləndirmək üçün xeyli vaxt lazımdır. Düşünürəm ki, ən böyük problem vəkilliyə olan mövcud yanaşma, münasibətdir. Onu zəif, asılı və idarəolunan səviyyədən çıxarıb, müstəqil, güclü təsisata çevirmək lazımdır. Bunun üçünsə vəkilliyə olan münasibət dəyişməlidir".
 
Vəkil hesab edir ki, bu problemin çözülməsində başlıca amil müstəqil məhkəmə sisteminin formalaşdırılmasıdır: "Ancaq hazıki hakimiyyət müstəqil məhkəmə sistemi istəmir və görünən odur ki, gələcəkdə də arzulamır. Belə olan halda da irəliləyən zamanın vəkillik institutunun mahiyyətində indikindən fərqli, müsbətə doğru nəyinsə dəyişəcəyinə o qədər də ümidli deyiləm”.
 
Vəkil Elçin Sadıqov da Azərbaycanda vəkillərə peşə fəaliyyətlərini həyata keçirərkən təzyiqlərin edildiyini deyir: "Hətta bu təzyiqlər Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir. Eyni zamanda məlumatlara çatım imkanlarımız da çox məhduddur. Digər tərəfdən Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığına görə vəkillər daha böyük problemlərlə qarşılaşırlar. Xüsusilə qanunun aliliyini tətbiq etməkdə xeyli çətinliklər ortaya çıxır".
 
"Hökumət vəkillərə fəaliyyətini təzyiqləri dayandırmalı, müstəqil məhkəmələr olmalı və orada qanuni qərarlar qəbul edilməlidir. Bütün bunlardan sonra bu problemlərin xeyli hissəsi aradan qalxacaq”, - deyə E.Sadıqov bildirib.