Ekspertiza Elmar Vəliyevlə bağlı qərarını açıqladı: psixi pozğunluq durumu yaranıb

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə ekspertiza rəyi məlum olub.

Bu barədə iyulun 7-də mətbuata açıqlamasında vəkil Cavad Cavadov məlumat verib.

“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib ki, sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, - deyə vəkil açıqlamasında qeyd edib.

Bu iş üzrə növbəti məhkəmə iclası iyulun 15-nə təyin edilib.

Bu il martın 16-da "Gəncə işi" ilə bağlı məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər Yunis Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq yenilənib.

Vəkillər təkidli vəsatətlərlə sabiq icra başçısı Elmar Vəliyevin də dindirilməsini tələb ediblər. Buna görə də məhkəmə onun dindirilməsinin mümkün olub-olmaması ilə bağlı ekspertizaya müraciət edilib. Ondan sonra məhkəmə prosesi qeyri-müəyyən müdətə təxirə salınmışdı.