Ekspert: "Karantin rejiminin nə vaxt bitəcəyini proqnozlaşdırmaq olmur"

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb.
 
Məsələni şərh edən iqtisadçı Natiq Cəfərli Toplum TV-yə bildirib ki, əslində bu məbləğ 1 milyard deyil, 2,5 milyard manata yaxındır. Çünki 1 milyard Nazirlər Kabinetinə ayrılıb və sonradan əlavə bir paket təqdim olunub: "Burada kreditlərin ertələnməsi, vergi güzəştləri və digər komponentləri əlavə etdikdən sonra təqribən 2,5 milyard manatlıq paket alınır”.
 
 
Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) keçən il 40 milyard dollara yaxın idi. Bu da indiki məzənnə ilə 70 milyard manata yaxın bir vəsait edir. 
 
Yəni ÜDM-in 3% yaxındır: "Ayrılan məbləğin iqtisadiyyatın yüksəlib-yüksəlməməsinə təsir edəcəyini indidən söyləmək çətindir. Çünki elə sahələr var ki, tamamilə qapanıb və onların nə vaxt işə düşəcəyini söyləmək çətindir. Karantin rejiminin nə vaxt bitəcəyi, iqtisadiyyatın çarxlarının nə vaxt yenidən dönməyə başlayacağını indidən proqnozlaşdırmaq olmur. Karantin müddətinin uzadıla bilməsi ehtimalı da var. Ona görə hazırlanmış paket doğru istiqamətlər üzrə xərclənsə, dəymiş ziyanın bir hissəsini kompensasiya edə bilər".
 
Ekspert bildirib ki, burada tək ziyan istisadiyyata dəymir, həm də qapadılan sahələrdə çalışan işçilərin maaşları ilə bağlı problem yaranır. 
 
Qapadılmayan rəsmən icazəsi olan, amma karantin rejminə görə dövriyyəsi, gəlirləri düşən sahələr də var. 
 
Mebel sexləri, mebel satışı mağazaları, kimyəvi təmizləmə müəssisələri var ki, onlara dəstək proqramında heç nə nəzərdə tutulmayıb.
 
"Ən böyük problem isə sosial məsələdir. Yəni müqaviləsiz və günəmuzd işləyən şəxslər üçün paketdə heç bir bənd yer almayıb", - Natiq Cəfərli deyib.