Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”

"Qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirləri qaçılmazıdır".

Operativ.tv xəbər verir ki, bunu Report-a açıqlamasında "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu gün dünya iqtisadiyyatında cərəyan edən iqtisadi-siyasi proseslər buğdanın və digər ərzaqların qiymətinə mənfi təsir göstərir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksinə əsasən hazırkı ərzaq qiymətləri son 40 ilin maksimum həddindədir. Keçənilki ərzaq qiymətləri ilə müqayisədə 26 %-dən yuxarı artım olub. Bu gün dunyada buğda məhsulunda əhəmiyyətli azalma yoxdur. Onun qiymətlərinə təsir edən əsas amillərdən biri buğda istehsalçılarının spekulyativ əməliyyatlarıdır. Bu özünü ölkələrin buğda ixracına tətbiq etdiyi kvotada göstərir. Belə ölkələrin sırasına bizim regionun əsas buğda ixracatçıları olan Rusiya və Qazaxıstan da daxildir. Əvvəlki illərlə müqayisədə hazırda Qazaxıstanın ixrac kvotası cəmi 550 min tondur. Rusiya isə ötən illə müqayisədə buğda ixracını 13 % azaldıb. Digər tərəfdən dünya bazarında tədarük zəncirlərinin pozulması müşahidə edilməkdədir. Ənənəvi buğda alıcılarının yerinə yeniləri gəlib. Bu sahədə olan kiçik şirkətlər sıradan çıxaraq öz yerini daha böyük şirkətlərə verib. Sonuncular da spekulyativ əməliyyatlar həyata keçirməklə buğdanı alıb saxlamaqla süni buğda defisiti yaradırlar. Bütün bu faktorlar nəticə etibarı ilə buğdanın qiymətinin artmasına gətirib çıxarır".

Ekspert diqqətə çatdırıb ki, Azəbaycan xüsusilə ərzaqlıq buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir: "Ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümlarını xeyli artırıb. Belə ki, avqustun 5-nə kimi buğdanın ixrac rüsumu bir tonu üçün 100 ABŞ dolları idisə hazırda bu rəqəm 145 ABŞ dollarıdır və gələn ay 150 ABŞ dollarına çatacağı güman edilir. Bunun un və un məhsularının qiymətlərinə mənfi təsiri qaçılmazdır. Unun bir kilosunda 0,20 manata kimi qiymət artımı ola bilər”.

Ə.Kərimliyə görə, qiymət artımının mənfi təsirlərini minimuma endirmək üçün bir sıra önləyici tədbirlərin həyata keçirilməsi labüddür: “İlk olaraq süni qiymət artımı hallarına qarşı nəzarət mexanizmləri gücləndirilməlidir. Bu sektorlardakı kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi artırılmalıdır. Bazar subyektləri arasında sağlam rəqabət şəratinin təmin olunması istiqamətində aktiv iş aparılmalıdır. Eyni zamanda sosial həssas əhali qruplarının, o cümlədən təqaüdçülərin, müavinət alanların gəlirlərinə yenidən baxılmaqla inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunmalıdır. Bu yaxın və orta müddətli perspektivdə edilməli olanlardır.

Uzaq perspektivdə isə xüsusilə ərzaqlıq buğdaya olan tələbatın daxili imkanlar hesabına təminat səviyyəsinin artırılması istiqamətində iş aparılmalıdır. Hökümət yaxın 5 ildə bu göstəricini 80 %-ə çatdırmağı hədəfləyir. İşğaldan azad olunmuş 600 min hektar əkinə yararlı torpaqdan 50 min hektarı bu il əkilib. Gələn il əlavə 150 min hektar torpağın əkilməsi nəzərdə tutulub. Əkin sahələrinin genişləndirilməsi ilə yanaşı məhsuldarlığın artırılmasına da geniş yer verilməlidir. Bunun üçün kənd təsərrüfatında müasir innovativ həllərin istifadəsi üstünlük təşkil etməlidir. Dünyada əkin sahələri az olan ancaq çox məhsul götürən ölkələr var. Onların təcrübəsindən yararlanmaq böyük əhəmiyyət kəsb edir”.