Dövlət şikayətçilərin bir qismi ilə barışıb

Fevralın 25-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan göndərilən bir çox şikayətlə bağlı qərarları açıqlanıb. Hüquqşünas Xalid Ağalıyev bildirir ki, Nemət Kərimlinin, Elşad Təhməzovun, Pərviz Həşimli və başqalarının, Akif Şiriyevin şikayətləri üzrə dövlətlə barışıq əldə olunduğu bəyan edilib. Anlaşmalara əsasən, Azərbaycan dövləti Nemət Kərimliyə 2750 avro, Elşad Təhməzova 6700 avro, Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro, Akif Şiriyevə 1800 avro təzminat ödəməyə boyun olub.

Nemət Kərimli bir il müddətinə vəkillikdən kənarlaşdırılmasından şikayətçi idi.

Elşad Təhməzov qanunsuz həbsdə saxlanması, yerli məhkəmələrin buna görə ödədiyi 1500 təzminatın azlığından şikayət vermişdi.

Pərviz Həşimli və başqalarının şikayətində hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiqinin qanunsuzluğu iddia olunmuşdu.

Akif Şiriyev mülkiyyət hüququnun pozuntusundan narazı qalıb Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdu.

Axundov və Məcidova QHT-nin qeydiyyatından imtina edilməsinin qanunsuzluğundan şikayətçi olublar. Bu işdə ərizəçilərin vəkili məhkəməyə onlarla kommunikasiya saxlaya bilmədiyini bildirib.