Dövlət ittihamçısı erməni hərbçilərin üzərindən terrorçu ittihamının götürülməsini istədi- YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 erməni hərbçinin işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrin ittihamdan xaric edilməsini istəyib.

O, təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzalandırılmalarını istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 7 il azadlıqdan məhrum edilsməsini təklif edib, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini və cəza müddəti bitdikdən sonra məcburi şəkildə Azərbaycan Respublikasının hüdudlarından kənarlaşdırılmalarını istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə onların odlu silahdan istifadə etmədiklərini və dövlət sərhədinin mühafizə olunan hissəsini keçmədiklərini bildirərək təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər ("Report").

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə baxılan iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənarlaşdırılacaqlar.