Dindarlar radikaldırmı, onlar şərlənərək həbs edilib, başları əzilməlidirmi?

Təəssüf ki, son zamanlar sıx-sıx qarşıma bəzi postlar çıxır, bəzilərinin hakimiyyətin mətbəxində hazırlanmış olmasına şübhəm yoxdur, digərləri isə bu təbliğatın qurbanı olaraq həmin fikirləri təkrarlayırlar.
LGBT fəalına qarşı ölüm təhdidləri səslənir, sonra başı kəsilərək öldürülür, bir qrup adam çıxıb deyir ki, əcəb oldu, onlara elə lazımdır, biz müsəlman dövlətiyik, dəyərlərimiz var və s. və ilaxır. Sonra dindarları oğurlayıb, soyundurub, təhdid edirlər, təcavüz edirlər, bu dəfə də qayıdırlar ki, dindarlar şəriət qurmaq istəyirlər, biz dünyəvi dövlətik, dövlətimiz onların başını yerindəcə əzməlidir. Bu məqamda Samiraldonun səsi ilə "Ayyyyy" demək gəlir adamın içindən. Dövlət varmış da, tədbir görürmüş də... Sizin gördüyünüz dövlət deyil, dövlətdə parlamenti tumanda gizlədilən bülletenlərlə formalaşdırmırlar, dövlətdə minlərlə zabit və əsgəri armaturla zorlamırlar, dövlətdə 4-5 ailə ölkənin on milyarldlarla sərvətini oğurlayıb, azadlıqda qalmır, qazilərə 200-300 manatı çox görənlərin 200 milyonu bir şirkətinə transfer etmir. Bizdə ölkəni əsir götürmüş bir dəstə kriminal qrup var, adına dövlət deyirik sadəcə.
Son zamanlar dindarların radikallaşdırılması sadəcə və sadəcə hakimiyyətin qərbə və İsrailə "biz getsək, dindarlar yerimizi tuta bilərlər" mesajı verərək aldıqları dəstəyi möhkəmləndirmək cəhdidir. Kimlərsə də bu təbliğata uyaraq elə bilir ki, belə də olmalıdır. Dindar öz dostunun məhkəməsinə getdiyinə görə polis bölməsinə, idarəsinə aparılıb orada Allahı söyərək onun şalvarını çıxarıb, təcavüz edə bilərlər, normaldır bu.
Dindarların ən azı 2 mətbuat konfransı bizim ofisdə keçirilib, "gedək, filan yeri yandıraq, filan yeri partladaq, filankəsin başını kəsək" kimi fikirlər eşitməmişəm, əvəzinə sivil, demokratik dünyada qəbul olunmuş etiraz üsullarına əl atıblar. Biri bir şüar qaldırıb nazirlik qarşısında, başqası aclıq aksiyası keçirib, digəri mətbuat konfransı. Amma onları tənqid edib özlərini dünyəvi, sivil, demokrat adlandıranlar "tutub ömürlük həbsə basmaq lazımdır, başları əzilməlidir, nəfərləri kəsilməlidir" kimi kifayət qədər radikal, qeyri-qanuni, zorakı fikirlər səsləndiriblər.
Dindarları da, ümumiyyətlə cəmiyyəti də radikallığa aparan bəzi faktorlar var. Başında ölkədə normal təhsilin olmaması, hüquq-mühafizə orqanlarının və məhkəmələrin ədaləti təmin etməməsi, iqtisadi-sosial vəziyyət, qeyri-bərabərlik və s. dayanır. Bunlar həll edilməyəndə kasıb, təhsilsiz, haqqı pozulan və hüquq-mühafizə orqanlarında araşdırılmayan, məhkəmələrdə ədalət təmin edilməyən insanlar dini qrupların asanlıqla hədəfinə çevrilir, bir müddət sonra isə rahatlıqla radikal, zorakı üsullara əl ata bilərlər, çünki, dinc üsullar üçün yer buraxılmayıb.
Dindarların hakimiyyətə gəlməsindən narahat olan o ağıllı dostlarımız hakimiyyətdən normal siyasi hüquqların təmin edilməsini, siyasi partiyalara fəaliyyət üçün imkan verməsini, sərbəst toplaşmaq azadlığının təmin edilməsini tələb etməlidirlər. Başa düşməlidirlər ki, 30 il qapalı qalan sistemdə sabah bir siyasi vakkum yaranan kimi oranı hər cür qüvvə tuta bilər, İrançı da, İŞİD-çı da.
Radikallığa yol açan yenə hakimiyyətin repressiv, qapalı mühitidir. İranda da, Suriyada da, Liviyada da, Misirdə də baş verənlər məhz dövlətlərinin resursları ilə kef edib, xalqı uzun müddət sıxıb, ədalətsiz və təhsilsiz mühitdə yaşadan diktatorlar olublar. Onları qanla hakimiyyətdən yola salan da, getdikdən sonra yaranan xaos da məhz özlərinin əsərləridir. Dinc, seçki yolu ilə dəyişən hakimiyyətləri olan dövlətlərdə belə qanlı nəticələr olmur.
Uzun sözün qısası, Azərbaycanda bir radikal qüvvə varsa, o da dövlət aparatını ələ keçirib, öz maraqları üçün xalqın sərvətini oğurlayan cinayətkar qrupdur. Məhz onlardır birinin başını kəsirlər, digərini öldürmək üçün başqa ölkələrə killerlər göndərirlər, rəsmi polis idarələrinə adamları aparıb şalvarını soyundurub, təcavüz edirlər, təhqir edirlər.
Cəsarətiniz və ağlınız varsa, bu riskləri görün və problemin kökünə etirazınızı edin, tənqidi asan( və risksiz, hökumətin də xoşuna gələn) olan nəticəsinə (aclıq edən dindarlara) yox.
 
Bəxtiyar Hacıyev.