DİN qadınları zorlamaq barədə çağırış edən blogeri axtarır

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə zorakılığa çağırış edən blogerlə bağlı araşdırmalara başlayıb.

 

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov iyulun 12-də “Toplum TV”yə açıqlamasında bildirib ki, aparılacaq araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək. 

 

“Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”, - deyə DİN rəsmisi qeyd edib. 

 

İyulun 6-da “Pantural” adıyla tanınan bloger və kinorejissor Tural Səfərov zorakılıq elementləri olan video-açıqlama yayıb. O, 70 min izləyicisi olan "İnstaqram" hesabında yayımladığı videoda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini və bu səbəbdən kişilərin öz hisslərini cilovlaya bilmədiyini deyib.

 

Bundan əlavə, o, videonun şərh hissəsində ““harada açıq-saçıq ... gördüz, zorlayın” deyə izləyicilərinə müraciət edib. 

 

Hüquqşünas Səməd Rəhimli “Toplum TV”yə açıqlamasında bildirib ki, sözügedən çağırışlarda zorakılıq elementləri aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər: “Azərbaycanda zorakılığa çağırış məsələsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Amma araşdırma aparmadan, bunun konkret zorakılığa çağırış olduğunu deməkdə çətinlik çəkirəm. Həmin səsyazısında və ya digər bəyanatlarda zorakılığa çağırış elementi olarsa, həmin şəxs barəsində cinayət işi açıla bilər”.

 

Digər hüquqşünas Fərhad Mehdiyev isə deyir ki, sözügedən şəxs həbs oluna bilməz.

 

“Bu tip çağırışlar cinayət məsuliyyətinə səbəb olmamalıdır. Bu, o vaxt ola bilər ki, məlum şəxsin çağırışları nəticəsində bəzi insanların hərəkətə keçməsi ehtimalı olsun. Yəni bu adamın təsir gücü olmalıdır. Kiminsə izləyicisinin çox olması hələ onun təsir gücünün olması mənasına gəlmir. Həm də qanunvericilikdə iğtişaşlara çağırış maddəsi olsa da, konkret cinayətə çağırışa dair maddə nəzərdə tutulmayıb. Amma hər bir halda polis bu şəxsi çağıraraq xəbərdarlıq etməlidir”, - deyə hüquqşunas bildirib.