Deputat olmaq istəyənlərin nəzərinə – 500 min manatlıq fond yarada bilərlər

Deputat olmaq istəyənlərin nəzərinə – 500 min manatlıq fond yarada bilərlər.

2020-ci ilin fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq hakim Yeni Azərbaycan Partiyası da deputatlığa namizədlərinin siyahısını açıqlayıb.

Deputatlığa namizədlər üçün seçki ərəfəsində bir çox əlavə imtiyaz verilir.

Seçki Məcəlləsinin 150-ci maddəsi Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin nəqliyyat xərclərinin ödənilməsi ilə bağlıdır.

Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənar və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Lakin taksi və sifarişli reyslər istisna təşkil edir.

Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb.

Bu zaman əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə dörd dəfə, təyyarə ilə iki dəfə, seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.

Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.

Yalnız prokuror “toxuna” bilər

Digər bir məqam isə qeydə alınmış deputatlığa namizədin toxunulmazlığı ilə bağlıdır.

Qeydə alınmış namizəd bu Məcəllənin 70.1-ci maddəsində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

Qeydə alınmış namizəd yalnız cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya digər qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

Seçki fondlarını “qidalandıran” mənbələr

Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə əlaqədardır.

Həmin maddənin birinci bəndində yazılıb ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.

Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

500 min manatdan çox olmamaq şərti ilə, namizədin xüsusi vəsaiti;

150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;

vətəndaş üçün 3 min manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.

Bu, 500 min manatdan çox olmamalıdır. Siyasi partiyalar blokunun xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyalarının verdiyi vəsaitlər hesabına formalaşır.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri də seçki fondunun maliyyə mənbələrindən biridir.

Ancaq belə könüllü ianələrin həddi  vətəndaş üçün 3 min, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.