Demokratik Təşəbbüslər İnstitutu Azərbaycanda işgəncələrlə bağlı vəziyyəti qiymətləndirib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Demokratik Təşəbbüslər İnstitutu “Pis Rəftara dair Media Monitorinqi - Hesabat (2019-2021)” hazırlayıb.

Hesabatın hazırlanması zamanı beynəlxalq və yerli qanunvericilik nəzərdən keçirilib, pis rəftar və işgəncəyə məruz qalmamaq hüququnun anlayışı verilib. 

Hesabatda deyilir ki, işgəncə və pis rəftarın bütün növləri həm beynəlxalq, həm də yerli qanunvericiliklə qadağan edilib.

Əlavə edilir ki, işgəncənin qadağan olunması Avropa İnsan Hüquqları Konvensiyasının  üç mütləq hüququndan biridir və heç bir halda məhdudlaşdırıla bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsi də öz presedentlərində dövlətin pozitiv və neqativ öhdəliklərini dəfələrlə vurğulayıb.

2021-ci ilin sonuna qədər Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 44  işdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi  3 dəfə işgəncəyə məruz qalmamaq hüququnun, 29 işdə qeyri-insani və ləyaqəti alçaldan davranışa məruz qalmamaq hüququnun pozulduğu və 24 dəfə effektiv araşdırılma aparılmadığı qənaətinə gəlib.

Praktiki vəziyyətin dəyərləndirilməsi üçün media monitorinqi metodundan istifadə edilib. Media monitorinqi 01 yanvar 2019 - 31 dekabr 2021-ci  illərarası dövrü əhatə edib.

Media monitorinqi Google axtarış sistemində və ayrılıqda “Azadlıq” radiosu, “Meydan TV”, “Toplum TV”, “BBC Azərbaycanca”, Turan İnformasiya Agentliyi və digər  informasiya resurslarının saytlarında aparılıb.  

2019-ci il üzrə aparılan monitorinq nəticəsində mediada 27 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 1-nin ictimai və ya şəxsi yerlərdə, 26-nın aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur.

2020-ci il üzrə isə  mediada 33 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 3-nün ictimai və ya şəxsi yerlərdə, 11-nin həm ictimai və ya şəxsi yerlədə, həm də aktiv dövlət nəzarəti olan yerlərdə və 19-nun aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur. 

2021-ci il üzrə aparılan media monitorinqi nəticəsində isə 37 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 11-nin ictimai və ya şəxsi yerlərdə, 26-nın aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur.  

İddia olunan pis rəftar motivlərinə aşağıdakılar daxildir: aksiyada iştirak; seçkidə saxtakarlıqların ifşasının qarşısını almaq; cinayət işi ilə bağlı etiraf xarakterli ərizəni imzalamağa məcbur etmək; karantin qaydalarını pozmaq; siyasi fəaliyyətdən çəkindirmək; maşının cəriməsi olduğu və polis dayanma əmrini verdiyi halda dayanmamaq; vəkil müdafiəsindən imtina barədə ərizəni imzalamağa məcbur etmək; polis barədə şikayətdən imtinaya məcbur etmək; Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əleyhinə ifadə verməyə məcbur etmək; saxta ifadəyə imza atdırmaq; iş başında polisi videoya çəkmək. özünə xəsarət yetirdiyi barədə etiraf xarakterli ərizə və üzr videosu tələb etmək; cinayət işi ilə bağlı etiraf xarakterli ifadə verməyə məcbur etmək.

Hesabatın nəticə hissəsində müəyyən edilib ki, ölkədə pis rəftar və işgəncəyə məruz qalmamaq hüququ praktikada davamlı olaraq pozulub. Qanunvericilikdə pis rəftara məruz qalmamaq hüququ ilə bağlı bəzi normalar olsa da, bu, praktikada səmərəli tətbiq edilmir.

Hesabatın sonunda atılmalı addımlara dair əsas tövsiyələr verilir .

Tövsiyə edilir ki, pis rəftar və işgəncə ilə bağlı məhkəmə təcrübəsi təkmilləşdirilsin, işgəncə və pis rəftarla bağlı vətəndaşların şikayətlərinin vaxtında və şəffaf şəkildə araşdırılsın.

Bundan əlavə, media orqanları və hüquq müdafiəçilərinə saxlanma yerlərinin vəziyyəti barədə araşdırma və monitorinq aparılması üçün şərait yaradılsın, KİV-lərdə yayımlanan işgəncə iddiaları şəffaf şəkildə araşdırılsın.

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq işgəncə, pis rəftar və əsassız həbslər aradan qaldırılsın.

Polis əməkdaşları arasında “Polis haqqında” Azərbaycan Respublikası Qanununun geniş təbliği və qanunun icrasının monitorinqi aparılsın.

Hüquqlarını müdafiə etdiyi şəxslərlə vəkillərin maneəsiz görüşlərinin təmini üçün diqqət artırılsın.

İşgəncə və pis rəftarla bağlı məhkəmə qərarlarının icrasının çevikliyi və effektivliyi artırılsın.

Hüquq- mühafizə orqanlarının əməkdaşları və dövlətin vəzifəli şəxslərinin işgəncə və pis rəftara yol verdiyinin iddia olunduğu şikayətlər, eləcə də dövlətin araşdırdığı şikayətlərin sayı, həmçinin bu şikayətlərlə bağlı başladılan məhkəmə prosesləri, həbs qərarları və hökmlər barədə ictimaiyyət mütəmadi məlumatlandırılsın.

İşgəncə və ya pis rəftarla əlaqədar irəli sürülən şikayətləri adekvat şəkildə araşdırmadığı və ya bu şikayətlərin araşdırılması ilə bağlı əməkdaşlıqdan imtina etdiyi üçün barəsində nizam-intizam tədbirləri görülən məmurlarla bağlı ictimaiyyətə vaxtaşırı məlumat verilsin.

*Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ildə Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanovun rəhbərliyilə  bir qrup hüquqşünas və fəal tərəfindən yaradılıb.