Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hökumətini toplaşmaq azadlığına hörmət etməyə çağırır

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Demokratik Qüvvələrin Milli Şurası  dünya birliyini Azərbaycan hakimiyyəti tərəfindən əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına biganə qalmamağa və öz beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün rəsmi Bakıya təzyiq göstərməyə çağırıb. Bu barədə sentyabrın 30-da müxalifətin etiraz aksiyasının polis tərəfindən dağıdılması ilə bağlı Demokratik Qüvvələrin Milli Şurasının  bəyanatında deyilir.

Demokratik Qüvvələrin Milli Şurası  polisin həddindən artıq güc tətbiqini qeyd edib. Aksiya başlamazdan əvvəl və nümayiş zamanı 177 nəfər saxlanılıb.

“Hakimiyyət Demokratik Qüvvələrin Milli Şurasının  2019-cu il yanvarın 19-da keçirilən mitinqindən sonra ölkədə etiraz aksiyalarını faktiki olaraq qadağan edib”, - bəyanatda deyilir.

Demokratik Qüvvələrin Milli Şurası  bu qanunsuz qadağanın aradan qaldırılmasını və adamların konstitusion sərbəst toplaşma azadlığına hörmət edilməsini tələb edib.

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan vətəndaşlarını xüsusilə ciddi qlobal dəyişikliklərin baş verdiyi indiki dövrdə sosial və siyasi fəal olmağa, kütləvi, dinc mübarizəyə hazır olmağa çağırıb.

“Xalqımız bilməlidir ki, yalnız onun özünün dinc və qətiyyətli mübarizəsi insan hüquqlarının hakimiyyət tərəfindən total tapdanmasına son qoya bilər”, - bəyanatda qeyd olunur.

Sentyabrın 30-da keçirilən mitinq partiyalar haqqında yeni mürtəce qanun layihəsinin parlamentin gündəliyindən çıxarılması, ölkədə demokratik islahatlar və azad seçkilərin keçirilməsi tələbilə Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təşkil olunub.

Daxili İşlər Nazirliyində aksiyanın qarşısının alınmasını onun hakimiyyətlə razılaşdırılmaması ilə izah ediblər və iştirakçıların saxlanması barədə məlumatı təkzib ediblər.