Daha iki cəbhəçinin saxlanıldığı deyilir

Daha iki cəbhəçinin saxlanıldığı deyilir

Avqustun 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ceyhun Novruzovun Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin qərarı ilə 10 sutka müddətinə həbs olunduğu bildirilir.
 
Partiyadan Azadlıq Radiosuna bildiriblər ki, Ceyhun Novruzov səhər saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə, oradan isə Səbail Rayon Məhkəməsinə aparılıb.
 
"Bölmədə bildirilib ki, ondan səs-küy salmaqla, söyüş söyməklə bağlı qonşular şikayət edib, lakin heç bir ərizəni təqdim etməyiblər. Sonra İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə (xırda xuliqanlıq) protokol tərtib edib məhkəməyə, hakim önünə çıxarıblar", - AXCP-dən qeyd ediblər.
 
Partiyadan əlavə ediblər ki, Ceyhun Novruzovun saxlanmasının gerçək səbəbi onun həm sosial şəbəkələrdə, həm də qonşuların arasında siyasi fəallığıyla bağlıdır.
 
Avqustun 21-də isə AXCP-nin Salyan rayon şöbəsinin üzvü Elzamin Salayevin də saxlanaraq, İXM-nin 510-cü maddəsi ilə 50 manat cərimələndiyi qeyd edilir.
 
Partiyadan bildirildiyinə görə, E. Salayevi də xırda xuliqanlıqda ittiham etsələr də, səbəb onun rayonda siyasi faəliyyətidir.
 
Amma, hələlik, hər iki məlumata Daxili İşlər Nazirliyi və məhkəmələrdən münasibət almaq mümkün olmayıb.

Facebook