Daha bir təşkilat Anar Cabbarovla bağlı bəyanat yaydı

Müsəlman Birliyi Hərəkatının üzvü Anar Cabbarovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və qanunsuz həbs olunması ilə bağlı AND təşkilatının bəyanat yayıb.

 

Bəyanatı olduğu kimi təqdim edirik: "İctimai fəal, MBH-nın üzvü Anar Cabbarov Türkiyə mühafizə orqanları tərəfindən saxlanılaraq sənədlərin yoxlanılması adı ilə polis idarəsinə aparılıb və bir neçə gün qanunsuz saxlanılıb. Bu müddət ərzində ərzində Anar Cabbarovun vəkili dövlət idarələrindən dəqiq məlumat əldə edə bilməyib. Martın 22-də isə Anar Cabbarov Azərbaycanın İstanbul Baş Konsulluğuna aparılıb. Vəkilinə Anar Cabbarovun bəzi sənədlərin dəqiqləşməsi üçün aparıldığı və bir neçə saata geri qaytarılacağı deyilsə də, o bir daha geri qaytarılmayıb, Türkiyə dövləti tərəfindən Azərbaycan Konsulluğuna verilib. Günorta saatlarında isə Anar Cabbarov Azərbaycana gətirilib və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Bundn sonra daha bir neçə gün harada olduğu məlum olmayan Anar Cabbarov barəsində Kürdəxanı təcridxanasına aparılması haqqında məlumatı Ombdusman Aparatının əməkdaşı onun ailə üzvlərinə xəbər verib.

Əliyev rejiminin bu kimi əməlləri bir daha onu isbatlayır ki, hakimiyyətin "islahatlar", "siyasi məhbusların bir qismini azad etmək" kimi addımları imitasiya xarakterlidir. "Əfv sərəncamının" imzasının mürəkkəbi qurumamış tənqidi fikir bildirənlərin sifarişli, saxta ittihamlı həbsləri İlham Əliyev rejiminin nə qədər saxtakar olmasının bir daha aydın sübutudur. Bu rejimin çirkin siyasəti Azərbaycan xalqının hüquqlarının, demokratik prinsiplərin məhvinə səbəb olmuşdur.

AND təşkilatı sifarişli, saxta ittihamlı həbsləri qəti şəkildə pisləyir, bu kimi qeyri-qanuni əməlləri insanlığa yönəlmiş cinayət hesab edir.

AND təşkilatı Azərbaycan hakimiyyətinin siyasi müxalifətə qarşı olan həddsiz aqressiyasını qınayır və bunu azad düşüncənin məhv olması üçün atılan addım hesab edir.

AND təşkilatı Azərbaycan hökümətindən MBH-nın üzvü Anar Cabbarovun dərhal azad olunmasını və aidiyyatı orqanların bu qeyri-qanuni əməl barəsində ictimaiyyətə açıqlama verməsini tələb edir."