Daha bir Nardaran məhbusunun səhətində problem yarandı

Süni qadağaların qurbanı olaraq Eldar Bünyatov səhhətində problem olmasına baxmayaraq hələ də müalicəyə göndərilməyib.

Rakurs.tv xəbər verir ki, artıq bir müddətdir ki, Nardaran məhbusu 68 yaşlı Eldar Bünyatovun səhhəti ilə bağlı problemlər mətbuatda yer alır.

Eldar Bünyatov Nardaran sakinidir və 26 Noyabr Nardaran hadisələrindən 5 gün sonra evindən həbs olunaraq saxlanılmaqdadır.

Məhkəmədə o saxlanılan zaman fiziki zorakılığa məruz qaldığını, bu gün də qabırğalarına vurulan zərbənin təsirindən ağrılar yaşadığını bildirmişdi. Məhkəmə bir çox maddələrlə Eldar Bünyatovun 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə günahkar bilsə də Bünyatov bu işin qurama olduğunu söyləyərək sifarişlə həbs olunduğunu elə məhkəmə salonundan söyləmişdi. Bütün məhkəmə boyu heç bir ittihamın sübutunu tapmadığını deyən ailə ağsaqqalı elə ailə ağsaqqalı olduğu üçün də bu gün ona hökm oxunduğunu demişdi.

Artıq 4 ilə yaxındır ki, o həbs həyatı yaşayır və 7 saylı həbsxana məhkumlarındandır. Uzun zamandır hipertoniya və diabet xəstəsi olan Bünyatov bu gün dərmanların hesabına ayaq üstə dura bilir. Son dövrlər böyrəklərindəki kəskin ağrılar, kistalar səbəbindən ayaqlarında şişkinlik hər ötən gün artmaqdadır. Şəkərin təsirindən bir gözü görmək imkanını itirmək ərəfəsində olduğu halda digər gözü də zəifləməyə başladığından o tam eynəkdən asılı vəziyyətə düşüb. Çətin yeriyən Eldar Bünyatovun vəziyyətinin hər ötən gün kəskin dəyişməsi ailəsi ilə yanaşı onu sevənləri narahat etməyə bilmir. Həbsxana rəhbərliyinə olunan müraciətdən sonra Penitensiar Xidmətin Mərkəzi Müalicə Mərkəzindən gələn həkimlər elə 7 saylı müəssisədə Eldar Bünyatovu müayinə ediblər və gəldikləri qənaət belə olub ki, o tezliklə xəstəxanaya köçürülməlidir. Ötən həftədən köçürülmə haqqında mərkəzin göstərişi olsa da bu günə qədər hələ də heç bir səbəb göstərilmədən Eldar Bünyatovun köçürülməsi yubadılır. Bünyatov 7 saylı müəssisənin baş həkimi ilə görüşərək bunun səbəbini öyrənməyə çalışsa da ona xüsusi heç bir cavab verilməyib. Bildirilib ki, hələ onun göndərilməsi haqqında hər hansı bir əmr yoxdur.

Ailəsi isə Eldar Bünyatovun səhhətindən narahatdırlar. Ürəyində də ağrıları olan ağsaqqalın belə bir durumda hələ də həbsxanada saxlanılmasını ailəsi ona qarşı qərəzli mövqe kimi qiymətləndirir. Bu barədə Penitesiar xidmətin Baş idarə rəisinə müraciət edəcəklərini söyləyən ailə üzvləri mövzu ilə bağlı Qızıl Xaç cəmiyyəti ilə də görüşəcəklərini bildirirlər.