Daha bir Gəncə məhbusu həbsxanada ölümlə çarpışır

Gəncə məhbusu Elvin Nəzərovun səhhətində çox ciddi problemlər yaranıb. Bu barədə vetenugrunda.az-a onun xanımı Şəbnəm Nəzərova məlumat verib:

"Elvin hər gün qusur, şiddətli baş ağrılarından bayılmaq həddinə çatır. Belə olanda ona sadəcə ağrıkəsici verirlər.

Dəfələrlə rəhbərliyə müraciət etsə də onun müayinəsini təşkil etmirlər. Əslində Elvin MRT (Maqnit rezonans tomoqrafiyası) müayinəsindən keçməlidir. Ən azından bu vəziyyəti yaxşılaşana qədər Müalicə Müəssisəinə köçürülməlidir".

Şəbnəm Nəzərova 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanan həyat yoldaşının görmə qabiliyyətinin zəiflədiyini bildirib: "Sağ gözündə görmə qabiliyyəti zəifləyib. Demək olar ki, görmür. Heç bir soyuqlaması olmadığı halda tez-tez qusur. Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb. O, bütün bunların o işgəncələrin təsirindən yarandığını deyir".