Cocuq Mərcanlıya ilk marşrut xətti açılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut açıldığını bildirib. Onun sözlərinə görə, qurumun apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək:

"Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. "Gəncə-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq".

N.Allahyarova qeyd edib ki, "Mingəçevir-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə "Sumqayıt-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.