Cəmil Həsənli London Universitetinə dəvət aldı

O, universitetin tədqiqat institutda 1 illik tədqiqat proqramında çalışacağını deyir

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli dünyaca məşhur London Universitetinin Tədqiat İnstitunda bir araşdırma proqramı üzrə işə başlayıb.

Meydan TV-yə açıqlama verən Cəmil Həsənli bildirib ki, bir müddət əvvəl o, Bakı Dövlət Universitetinə işə bərpa olunmağı üçün yazılı və şifahi müraciətlər etsə də, müsbət cavab almayıb.

O qeyd edir ki, son illərdə onu Azərbaycanda nəşr olunan bütün jurnalların redaksiya heyətlərindən çıxarıblar, aspirant və dissertantların onun elmi rəhbərliyindən imtina etməyə məcbur ediblər. Hətta kitablarına istinad etmək belə müəlliflərə “tövsiyə” edilmir.

Cəmil Həsənlinin sözlərinə görə, bir müddət əvvəl Topçubaşov haqqında haqqında nəşr edilən sənədlər toplusunun ön sözündə onun bu böyük siyasi xadim haqqında yazdığı monoqrafiyaya istinad olduğu üçün nəşriyyat rəhbərliyi həmin istinadı çıxarmağı tərtibçiyə “tövsiyə” etmişdi, əks təqdirdə sənədlər toplusun nəşr edə bilməyəcəklərini demişdi.

Həsənli deyib ki, o, London universitetinin tədqiqat institutda 1 illik tədqiqat proqramında çalışacaq: "Bakı Dövlət Universitetinə bir dəfə yazılı, iki dəfə şifahi müraciət etdim, birbaşa "yox" demədilər. Cavab verdilər ki, işə qəbul seçkiylə olacaq, elan verəcəklər, buyurub, iştirak edə bilərsiniz. Ancaq o cür elanlar hansı formada olur. Həm də artıq elan yox, insanları asılı saxlamaq üçün işə 1 illik müqaviləylə qəbul edirlər”.

Cəmil Həsənli hazırda iki kitab üzərində işlədiyini bildirib: “Qarabağ: Rusiya işğalından sovetlərin çöküşünə qədər” kitabını doktor Eldar Abbasovla birlikdə işləyirəm, nadir sənədlər əsasında hazırlanan bu kitab ingilis dilində Qərb nəşriyyatlarının birində çap olunacaq. Kitab XIX əsrin əvvəllərindən 1991-ci ilə qədər dövrü əhatə edir, ola bilsin qalan hadisələrlə bağlı da bir fəsil əlavə etdik. Əsərin xeyli hissəsi hazırdır, artıq ingilis dilinə tərcümə edilib. Bu kitab üçün çox unikal materiallar toplamışıq. Biz istəyirik ki, Qarabağ barədə qərb cəmiyyətlərinin əhatəli məlumatı olsun, ona görə ingilis dilində hazırlanır bu araşdırma, amma gələcəkdə Azərbaycan və rus dillərində də nəşri nəzərdə tutulur. Digər kitab “Stalin və sovetlərin erkən soyuq müharibə strategiyası: Türkiyənin şərqi, İranın şimalı, Çinin qərbi, 1945-1947-ci illər” adlanır. Bu kitab bilavasitə mənim London Universitetindəki tədqiqat proqramıma daxildir”.

Prosessor bu il ərzində hər iki kitabın nəşrə hazır olacağını güman edir: “Məsələ ondadır ki, qərb nəşriyyatları Azərbaycandan fərqli olaraq istənilən əsəri anonim rəyləşməyə göndərirlər. Rəylər müsbət olandan sonra əsərin çapı haqqında redaksiya şurası qərar qəbul edir”.

Cəmil Həsənli onu da əlavə edib ki, ötən ilin sonlarında onun iki il əvvəl Britaniyanın məşhur “Routledge” nəşriyyatında çap olunmuş Topçubaşov haqqında monoqrafiyanın (Leadership and Nationalism in Azerbaijan: Ali Mardan bey Topchibashov, Founder and Creator. Routledge Studies in the History of Russia and Eastern Europe. Taylor & Francis Group, London & New York, 2020) nazik üz qabığında yeni nəşri işıq üzü görüb.

"Qalın üzdə nəşr olunmuş tirajın satışının başa çatması Qərb cəmiyyətində Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətinə olan marağın bir göstəricisidir", - o bildirib.

Müəllifin fikrincə, qalın üz qabığı ilə müqayisədə (£120) yumuşaq üz qabığlı nəşr kifayət qədər ucuzdur (£36.99) və bu da kitabın geniş oxucu dairəsində yayılmasına bir vəsilə olacaq.

Qərb oxucusu bizim belə işıqlı siyasi xadimlərimiz haqqında məlumatlı olsa bu onların Azərbaycana olan münasibətin daha obyektiv formalaşmasına müsbət təsir göstərə bilər.