Çin ABŞ-ın “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını bildirib

Çin “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını açıqlayıb.

SalamNews EastNews-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu gün keçirdiyi brifinqdə məlumat verib.

“Müşahidə etdim ki, Rusiya və bir çox başqa ölkələr son vaxtlar ABŞ-ın təşkil etdiyi “Demokratiya sammiti”nə qarşı çıxıb və həm də öz narazılıqlarını bildiriblər”, - deyə Çin diplomatı bildirib.  

O qeyd edib ki, ABŞ öz standartlarına uyğun xətlər yürüdür, dünya ölkələrinin və regionlarının yarısını Amerika demokratiyası düşərgəsinə daxil etməyə çalışır, digər yarısını isə qeyri-demokratik dövlətlər kateqoriyasına aid edir.  

“Bu açıq-aşkar təfriqə yaradan və qarşıdurma qızışdırmaq ölkələr arasında birliyə və əməkdaşlığa ciddi ziyan vurmaqla yanaşı, beynəlxalq sülh və sabitliyə də təhlükə yaradır. Təbii ki, beynəlxalq ictimaiyyət buna qəti şəkildə qarşıdır”, - deyə Van Venbin əlavə edib.