Cəbhəçilərin aclıq aksiyası keçirdikləri deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından  Niyaməddin Əhmədovun sentyabrın 24-dən,  Zamin Salayevin isə 2 həftədən çoxdir aclıq aksiyası keçirdikləri bildirilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər. Partiyadan vurğulandığına görə, üstəlik, Niyaməddin Əhmədov koronavirus xəstəliyinə yoluxub: “ Niyaməddin Əhmədova həbs edildiyi dövrdən yaxınlarına zəng etməyə də icazə verilmir”

AXCP-dən habelə qeyd ediblər ki, hər iki şəxs əsasız yerə həbs edilmələrinə etiraz edirlər. Amma, hələlik, bu məsələlərlə bağlı deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqıov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalları Niyaməddin Əhmədov və Zamin Salayevin aclıq aksiyası keçirməsi haqqında məlumatlardan xəbərsiz olduğunu bildirib.

"Turan"ın xəbərinə görə, o, Z.Salayev və N.Əhmədovun aclıq edib-etməməsinə dair məlumatının olmadığını söyləyib.

M.Sadıqovun deməsinə görə, aclıq aksiyasının keçirilməsinə qərar verən istənilən məhbus cəzaçəkmə müəssisəsinin rəisinə yazılı müraciət etməlidir və bundan sonra onun səhhəti nəzarətə götürülür.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçi olduğu bildirilən Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.

Mayın 16-da, həbsdən azad edilməli gün isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Qabil Məmmədov terror aktlarının hazırlanması məqsədilə N.Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Proses sentyabrın 29-da davam edəcək.

AXCP Zamin Salayevin də sifarişlə həbs olunduğunu iddia edir. O, 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. Z.Salayev Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

O, həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan bir xanıma təcavüzdə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada (xırda xuliqanlıq) 30 günlük həbs olundu.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan xanım da Həmzə Əzizova bıçaqla xəsarət yetirmək iddiası ilə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Azərbaycan rəsmiləri ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.