12 February 2020

XİN-dən İrandan qayıda bilməyən azərbaycanlılarla bağlı AÇIQLAMA

Güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama verib. 

Onun sözlərinə görə, bununla bağlı Azərbaycanın İrandakı səfirliyinə hər hansı müraciət daxil olmayıb. 

Bakının bu rayonlarında su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 12 fevral 2020-ci il tarixində gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Amsterdamda partlayış baş verib

Hollandiya paytaxtı Amsterdamda poçt şirkətinin ofisinin birində  partlayış baş verib.Bu barədə Reuters agentliyi yazıb.

 

Məlumatda bildirilir ki, bomba ofisə gələn qutuların birində gizlədilmişdi. 

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

Faktıla bağlı araşdırmalara başlanılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri vəzifədən getdi

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Hüquq və kadr məsələləri şöbəsinin müdiri İlqar Əlizadə yeni vəzifəyə təyinatla bağlı vəzifəsindən azad edilib. O, Mərkəzi Seçki Komissiyasına (MSK) Katiblik müdiri təyin olunub.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Hüquq və kadr məsələləri şöbəsinin müdirini Ramil Eyyub oğlu Qədimquliyev əvəz edir.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.

Müfəssəl plan hazırlanarkən bu şərt də nəzərə alınacaq

Azərbaycanda müfəssəl planın hazırlanması zamanı nəzərə alınan halların sayı artırılıb.

Bununla əlaqədar Nazirlər Kabineti “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edib.

Bu dəyişikliyə əsasən, müfəssəl planın hazırlanması zamanı strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi də nəzərə alınacaq.