03 February 2020

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.

 

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.

 

Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri açıqlanıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.