Cahangir Hacıyev məhkəmədən bəraət istəyib

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərləri, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyev çıxış edib.

 

O bildirib ki, barəsində olan ittihamlar məhkəmə dövründə təsdiqini tapmayıb: “Birinci instansiya məhkəməsindən xahiş elədik ki, mənim və ya başqa təqsirləndirilən şəxslərin bank vəsaitlərini mənimsəməsinə dair bircə fakt göstərsinlər. Göstərə bilmədilər, çünki belə fakt yoxdur. Ancaq ümumi cümlələrdir. Hökmdə yazıblar ki, kifayət qədər sübuta yetirilib”.

 

Cahangir Hacıyev çıxışın sonunda barəsində bəraət qərarının çıxarılmasını xahiş edib.

 

Daha sonra sabiq deputat Dünyamin Xəlilov çıxış edərək ittihamları qəbul etmədiyini və cinayət törətmədiyini deyib: “Banka qarşı cinayət işi başlayanda Türkiyədə idim. Cinayət törətsəydim, heç Azərbaycana qayıtmazdım. İttihamda göstərilən rəqəmlər kifayət edərdi ki, xaricdə ürəyim istədiyi kimi yaşayım. Ancaq mən qayıtdım, sənədləri təqdim etdim, istintaqla əməkdaşlıq elədim. Buna baxmayaraq, 2015-ci il dekabrın 29-da həbs olundum”.

 

C.Hacıyevin vəkilləri təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və «Aqrarkredit» QSC-yə sorğu göndərilib, qaytarılan vəsaitlər, müəssisələr barədə məlumatların alınıb araşdırılması barədə vəsatətlər qaldırıblar. 

 

Vəsatətlər təmin edilməyib.

 

Proses dekabrın 9-da davam edəcək.

 

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

 

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

 

Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.

 

Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.(APA)