Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi

Məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir".

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib. Onun sözlərinə görə, həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti var:

"Çünki hazırda koronavirusun yeni “Omicron” ştamı dünyada daha sürətlə yayılır və yoluxdurma qabiliyyəti daha yüksəkdir, artıq Azərbaycanda da bu ştama yoluxma halı qeyd alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə qabaqlayıcı tədbirlər daha da gücləndirilməli, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı və əvvəldə qeyd etdiyim amillərə görə, virusa yoluxma riski yüksək olan məhkumların həyat və sağlamlıqlarının qorunmasına diqqət artırılmalıdır".

İdarə rəisi deyib ki, bütün bunlar virusa qarşı testin götürülməsini vacib edir:

"Müqayisə etsək görərik ki, bəzi digər dövlətlərdə koronavirus testləri verərkən kifayət qədər yüksək ödəniş etmək və hətta bunun üçün uzun növbələrdə gözləmək lazım gəlir, ölkəmizdə isə belə testlər daha münasib və əlçatandır.

Buna baxmayaraq penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib.

Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspress test verməklə içəri daxil ola bilərlər.

Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyələrində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanlar və həyatını itirənlərin sayı az olmayıb.

Bütün bu məhdudiyyət və tələblər, ilk növbədə məhkumların həyat və sağlamlığının qorunmasına yönəlib. Çünki mövcud təcrübədə onların yaxınları, bəzi hallarda vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlinib.

Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur.

İnanıram ki, koronavirus bəlasına biz hamımız birlikdə qalib gələcəyik, çünki biz birlikdə güclüyük" - A.Sabitova deyib.