Bəxtiyar Hacıyev: “Pandemiya ilə bağlı məcburi vaksinasiya fövqəladə hal kateqoriyasına daxil deyil”

“Əgər fövqalədə hal baş veribsə, ölkədə fövqalədə vəziyyət elan olunmalıdır və buna müvafiq addımlar atılmalıdır. Pandemiya ilə bağlı məcburi vaksinasiya fövqəladə hal kateqoriyasına daxil deyil”.

İctimai fəal Bəxtiyar Hacıyev “Toplum TV”-nin “Fövqəladə hallarda insan hüquqlarına müəyyən məhdudiyyətlər qoyulması praktikası mövcuddur. Siz pandemiyanı fövqəladə hal hesab edirsizmi” sualına cavab verərkən belə deyib.

İyulun 26-da Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

2021-ci il sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir:

1. mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

2. mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

3. ...bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr; 2.5-5.2. ali və orta-ixtisas təhsili müəssisələri.

Dəyişikliyə əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanlarda - ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

“Belə bir qayda da var ki, kimlərinsə alergiyası və ya digər xəstəlikləri varsa, onlara vaksin vurulmamalıdır. Amma vaksin olunanların əksəriyyəti deyir ki, onlardan bununla bağlı hər hansı analiz götürülmür”,- Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli belə belə deyir.

O, ölkənin səhiyyə sisteminə inam olmadığını xatırladır: “Azərbaycanda satılan dərmanlar aşaığı keyfiyyətlidir. Bir çoxları xaricdə müalicə olunmağa, Avropanın tanıdığı vaksinlərə üstünlük verirlər. Baxın, tələbələri marifləndirmədən məcburi vaksinasiya edirlər. Onlar vaksinin əks təsirləri, onun orqanizmdə yaradacağı effektlər baradə hər hansı yerli məlumat bazasından yararlana bilmirlər, belə bir data-baza yoxdur. Halbuki Gürcüstanda sürətlə marifləndirmə işləri aparılır”.

B.Hacıyev “Toplum TV”-nin “Sizcə, fərdi azadlıqlar ictimai təhlükəsizlikdən üstün tutulmalıdırmı” sualını belə cavablandırıb: “Fərdi azadlıqlar ictimai təhlükəsizlikdən üstün tutulmamalıdır. Müəyyən mənada fərdi azadlıqların məhdudlaşdırılması ictimai maraqlara xidmət edirsə, bunu etmək olar”.