Bəxtiyar Hacıyev: “Formula 1-in ləğvi Azərbaycanın xeyrinədir”

"Formula 1 yarışı Bakı sakinlərinə məhdudiyyətlərdən başqa bir şey vermirdi. Yarışa hazırlıq və keçirildiyi müddət ərzində mərkəzi küçələrdə tıxac olurdu ki, bu da insanların rahatlığını pozurdu”.
 
İyunun 5-7-də keçiriləcək "Formula 1” Azərbaycan Qran Prisinin COVİD-19 səbəbi ilə ləğv olunması məsələsini şərh edərkən ictimai fəal Bəxtiyar Hacıyev Toplum tv-yə belə deyib.
Fəalın sözlərinə görə, bu yarışın Azərbaycanda keçirilməsi ictimai iştirakçılığın, yarış büdcəsi ilə bağlı şəffaflığın təmin olunduğu, israfçılığa yol verilmədiyi halda təqdir oluna bilərdi.
 
Onun fikrincə, "Formula 1” Azərbaycan Qran Prisinin ləğvi ölkənin xeyrinədir: "Büdcədən 100 milyonlar ayıran israfçı bir layihə dayanırsa, bu, dövlət büdcəsində həmin vəsaitin qalması ilə nəticələnir”.
 
Rəsmilər yarışların keçirildiyi ilk iki illə bağlı açıqlamalarında Formula 1 yarışının keçirilməsinə 200 milyon dollar xərc çəkildiyi qalda, qazancın 277, 3 milyon dollar olduğunu bildirib.
 
İqtisadçı Qubad İbadoğlunun hesablamalarına görə, 2016-cı ildə beynəlxalq yarışların və ölkə səviyyəli tədbirlərin keçirilməsinə 429,3 milyon manat xərclənməsi nəzərdə tutulmuşdu ki, bunun da böyük hissəsini Formula 1 yarışlarının xərcləri təşkil edib.  
 
 
 
Azər Qasımlı: "Hazırki iqtidar dönəmində keçirilən Formula 1 kimi yarışlardan həm əhali ziyan çəkir, həm də büdcə”
 
Politoloq Azər Qasımlı isə builki yarışın ləğv olunmasının labüd olduğunu vurğulayır.
 
Onun qənaətincə, bu tipli yarışlarda ölkə turizmi qazanc əldə etsə də, Azərbaycanda əksinədir: "Bizdə belə yarışları korrupsiya mənbəyinə çeviriblər”.  
 
 
Azər Qasımlı bildirib ki, cəmiyyət  arasında sosial təbəqələşməni göstərdiyindən bu yarışın Azərbaycanda keçirilməsi qıcıq doğuran faktora çevrilib.
 
Politoloq hazırki iqtidar dönəmində keçirilən Formula1 kimi yarışların əleyhinə olduğunu qeyd edib: "Hazırda bu yarışlardan həm əhali ziyan çəkir, həm də büdcə”.
 
Bəzi mənbələr 2018-ci ildə keçirilən bu yarışa 150 milyon dollar xərc çəkildiyini bildirsə də, Azad Rəhimov xərclərin 100 milyon manatı ötməyəcəyini qeyd edib.
 
İqtisadçı Natiq Cəfərli isə Azadlıq radiosuna müsahibəsində 2019-cu ildə Formula 1 yarışının keçirilməsinə 60 milyon dollar pul ayrıldığını söyləyib.
 
 
 
 
lnaz Quliyeva: "Azərbaycan Formula-1-in ləğvi ilə bir çox şeydən məhrum oldu”
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Toplum tv-yə deyib ki, Formula-1 Azərbaycan Qran Prisinin ləğvini yalnız koronavirusun yayılma təhlükəsini aradan qaldırdığına görə, müsbət hadisə hesab etmək olar.
 
 
Onun sözlərinə görə, bu yarışın ləğvi Azərbaycanı bir çox şeydən məhrum edəcək: "Hər il bu yarış vasitəsilə milyonlarla izləyici Azərbaycanı tanıyırdı. Müvəqqəti də olsa, minlərlə iş yerləri açılırdı. Bir sıra biznes qurumları gəlir götürürdü”.
 
Tural Hümbətov: "Formula 1 yarışları gənclərin həyatında böyük rol oynayır”
 
BŞH Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov deyib ki, hər il 12 minə yaxın gənc Azərbaycan Qran Prisinə könüllük üçün müraciət edir.
 
 
Onun sözlərinə görə, ildən-ilə bu yarışlarda 100-lərlə insan təşkilatçı kimi çıxış edir: "Onların əksəriyyəti əvvəllər könüllü olmuş şəxslərdir”.
 
Tural Hümbətovun qənatincə, Formula-1 yarışları gənclərin həyatında böyük rol oynayır.
 
"Əvvəllər könüllü olmuş şəxslər var ki, hazırda bir sıra özəl, dövlət qurumlarında, müxtəlif banklarda işlə təmin olunublar” – o, əlavə edib.
 
Formula 1 könüllüsü: "Könüllülük mənə iş təcrübəsi qazandırdı”
 
Formula 1 yarışlarının "veteran” könüllüsü Etibar Mahmudov deyib ki, bu yarışlar ona böyük iş təcrübəsi, liderlik bacarıqları qazandırıb.
 
 
2016-cı ildən etibarən könüllülük fəaliyyətinə başlayan Etibar Mahmudov bu il də yarışlarda iştirak etməyi planlaşdırdığını söyləyib: "Bu il həm işçi, həm də könüllü kimi müraciət etmişdim, amma yarış ləğv olunduğuna görə alınmadı”.
 
O, növbəti ildə keçirilən yarışlarda yenidən müraciət edəcəyini bildirib.
 
Sevinc Hüseynova: "Bu məsələ hələ ki Milli Məclisin müzakirə predmeti deyil”
 
 
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Sevinc Hüseynova Toplum tv-yə açıqlamasında qeyd edib ki, Formula 1 yarışının ləğvi ilə bağlı heç bir məsələ Milli Məclisdə müzakirə olunmayıb.
 
Onun sözlərinə görə, yarışın ləğvi idman sahəsinə mənfi təsir etsə də, hazırda ən vacib məsələ insan sağlamlığıdır: "Bu məsələ hələ ki müzakirə predmeti deyil. Yəqin pandemiya bitdikdən sonra bu məsələlərə geri dönüləcək”.
 
BŞH Əməliyyat Şirkətinin keçmiş Marketinq və Komunikasiya rəhbəri Nigar Arpadari 2019-cu ilin yanvarında Formula 1 yarışlarının nəticələrinə həsr olunmuş konfransda 2016-2019-cu illər ərzində keçirilən Formula 1 yarışının Azərbaycana 506.3 milyon dollar gəlir gətirdiyin bildirib.
 
Rəsmilərə görə bu il beynəlxalq tədbirlərə, o cümlədən formula 1 yarışının təşkilinə 222 milyon manat ayrılmalı idi.
 
Azərbaycanda Formula 1 yarışları 2016-cı ildən etibarən keçirilir.
 
2017-ci ildən bəri Formula 1 yarışlarına təşkilatçılıq edən BŞH Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsusdur.