Bu gün Şəhid Şükür İlyasovun doğum günüdür

Bu gün Müsəlman Birliyi Hərəkatının üzvü Şəhid İlyasov Şükür Qənbər oğlunun doğum günüdür.

Şükür Qənbər oğlu İlyasov 9 yanvar 1991-ci ildə Şabranda dünyaya göz açıb. Azərbaycan Ordusunun əsgəri olan Şükür İlyasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şükür İlyasov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür İlyasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.