Bu gün Ərdoğan Azərbaycana gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük işgüzar səfərə gəlir.

“Az.shafaqna.com” xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enəcək.

R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlini qoyacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.