Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

Hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Məhəmməd peyğəmbərin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

SalamNews xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Məhəmməd peyğəmbərin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

Həzrət Məhəmməd peyğəmbərin (s) doğum günü miladi tarixi ilə 570-ci ildə, yerli tarixi təqvimə əsasən isə “Fil ili”nin rəbiul-əvvəl ayına təsadüf edir. Məhəmməd (s) peyğəmbərin dünyaya göz açmasının cümə gününə təsadüf etməsi qətiləşsə də, onun rəbiul-əvvəlin dəqiq neçəsində doğulduğu qətiləşməyib. İslam alimləri əsasən 12 və 17 rəbiul-əvvəl tarixlərini daha çox həqiqətə uyğun hesab edirlər.

Məhəmməd (s) peyğəmbər doğulan zaman artıq atası Abdullah bin Əbdül-Müttəlib dünyadan getmişdi. Yetim Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür.

Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla (bir qismini ticarətlə keçirib) keçirmiş Məhəmmədə vəhyin nazil olması, ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar ümumiyyətlə peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən, qeybdən və gələcəkdən xəbər verən ilahi vəhy, məktəb, müəllim, yazma, oxuma bilməyən, olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi “sən bu Quranı özün yazmısan” , “sən özün bunları bilirsən”, deyə ittiham edə bilmirdilər.

Mövlud gününün təsadüf etdiyi həftə islam dünyasında birlik və vəhdət həftəsi kimi qeyd edilir. Bu günlərdə islam dünyasının birliyinə çağıran tədbirlər keçirilir. Təbii ki bu, İslam Peyğəmbərinin gətirdiyi sülh barış və mərhəmət dininin əsas mesajıdır.

Peyğəmbərin mövludunda qüsl almaq, oruc tutmaq, yoxsullara sədəqə vermək, ehsan etmək, möminləri sevindirmək, həzrət Peyğəmbərin məzarını, İmam Əlinin məzarını ziyarət etmək, belə günlərdə bayram təşkil etmək tövsiyə edilən əsas əməllərdir.

Qeyd edək ki, bu gün həm də altıncı imamımız həzrət Cəfər Sadiqin (ə) də mövlud günüdür.