Bu gün Ayətullah Muhəmməd Hüseyn Behiştinin şəhid olduğu gündür

Hər daşı, hər divarı iman və təqva ilə hörülən bir ailədə, 1928-ci ilin 23 qktyabrında İsfahan şəhərinin Lumban məntəqəsində bir körpə dünyaya göz açdı. Ailəsi ona Peyğəmbərə (s) olan məhəbbət səbəbi ilə Muhəmməd və İmam Hüseynə (ə) sonsuz eşqlərinin təcəllası olaraq Hüseyn adlarını verdilər. Məhəmməd Hüseynin atası İsfahan şəhərinin tanınmış-seçilmiş ruhanilərindən, dini araşdırıcılardan sayılırdı. O, İslamın təbliği istiqamətində xüsusi dəstixəttə malik və Lumban məhəlləsinin təqvalı imamcüməsi idi. Anası isə böyük alim, müctəhid Məhəmməd Sadiq Xatunabadinin qızı, halal-harama diqqət edən, ibadətlərində nümunəvi bir qadın idi. Ruhani bir ailədə böyüyən Muhəmməd Hüseyn orta təhsilini İsfahanda alır. Onun qeyri-adi yaddaşı, elmi qavrama xüsusiyyəti nəinki onu sinif yoldaşları, bütün məktəb şagirdlərindən fərqləndirir. Ona dərs verən istənilən müəllim gələcəyin dühasının yetişməsinə şübhəsiz inandıqlarını bildirirdilər. Hər fənn müəllimi ona elmə yiyələnməkdə naliyyətinə əminlik nümayiş etdirirdi.
1943-cü ildə orta məktəbi bitirən Muhəmməd Hüseyn müəllimlərinin istək və arzularının əksinə olaraq öz ümidlərinin ardınca Qum Elmi Hövzəsinə üz tutur. Qumda o «Hüccətiyyə» mədrəsəsinə daxil olur. Bir otağa yerləşdiyi tələbə yoldaşları isə tarixin əvəzolunmaz şəxsiyyətləri Ayətullah Mütəhhəri, İmam Musa Sədr, Ayətullah Xamineyi olur. Dini atmosfer və eyni halda iman dolu qəlblərin bir ünvanda toplanması təkcə elmi maarifdən deyil, eyni halda mənəvi fəzanın ənginliyinə yüksəlməkdə də tələbələrə yardımçı olur.
1948-ci ildə Ayətullah Muhəmməd Hüseyn xaric (ictihad üçün alınan dərs) dərslərin öyrənilməsinə başlayır. Xaric dərslərin öyrənilməsi ilə yanaşı o dövr üçün olduqca aktual mövzu olan fəlsəfəyə maraq Məhəmməd Hüseyn və digər otaq yoldaşlarını da Ayətullah Təbatəbainin dərslərinə çəkir. Hər biri böyük fəlsəfi məktəbə çevrilən tələbələr Əllamə Təbatəbainin fəlsəfi atmosferində dinin incə maraqlarını daha aydın və məntiq üzərindən dərkinə başlayırlar. Bu dərslər sonralar Ustad Mütəhhəri tərəfindən «Fəlsəfənin təməlləri və realizm metodu» adı altında kitab halına salınaraq işıq üzü görür. Qumdakı təhsilini qaydaya saldıqdan sonra ali təhsil almaq marağı ilə 1948-ci ildə Ayətullah Behişti Tehran Universitetinə sənədlərini verərək ora daxil olur. 1951-ci ildə o təhsilini bitirdikdən sonra Quma dönür və lisseylərin birində ingilis dilindən tədrisə başlayır. Həmçinin onun fəlsəfəyə xüsusi marağı olduğu üçün Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbainin fəlsəfə dərslərində də iştirak edir. Tez bir zamanda ustadın daimi şagirdlərindən birinə çevrilən Seyid Məhəmməd Behişti Şəhid Mutəhhəri ilə birlikdə Əllamə Təbatəbainin iştirakı ilə həftədə iki dəfə səmimi və şövqlü elmi məclis təşkil edirdi ki, bu yığıncaqların nəticəsi olaraq "Fəlsəfənin əsasları və realizm metodları" adlı kitab Şəhid Mütəhhərinin şərhi ilə ərsəyə gəlir. 1953-cü ildə o dini elm sahəsinin mütəxəssislərindən birinin qızı ilə ailə həyatı qurur. Bu evlilikdən onun iki oğlu və iki qızı dünyaya gəlir.
1954-cü ildə Qərbə bağlı olan hakimlər İranın İslam cəmiyyətini maddi bir cəmiyyətə çevirmək və zaman keçdikcə dini unutdurmaq əzmində olduqları bir vaxtda Şəhid Behişti Qum orta məktəblərində tədrisə başlayır. O, Qumda "Din və Elm" mədrəsəsini təsis etdi ki, məktəb şagirdləri dinlə elmi iki fərqli şey bilməsin və onları birlikdə öyrənsinlər. Şəhid Behişti gənc nəslin iman və inqilab ruhunda tərbiyə olunmasına çox böyük diqqət yetirirdi. Onun elmi-mədəni fəaliyyətlərindən biri də Qum dini hövzə alimləri və tələbələri üçün xarici dil və dünyəvi elmlərin tədrisi mərkəzini yaratması idi. Elə bununla əlaqədar "Qum tələbələri və ziyalılarının İslam mərkəzi"ni təsis etdi. Müqəddəs Qum şəhərində beş il təhsil və tədrisdən sonra Behişti 1956-cı ildə yenidən İlahiyyat İnstitutuna daxil olur və 1959-cu ilə qədər həmin institutda doktorluq pilləsinin dərslərini oxuyur. Lakin dərslərini bitirdikdən sonra daxildə və xaricdə çoxsaylı elmi, mədəni, siyasi və təbliği fəaliyyətlər səbəbindən doktorluq dissertasiyasını müdafiə edə bilmir və bu iş bir müddət təxirə düşür. O, 1963-cü ildə “Həqqani” Elmi Mədrəsəsini təsis etdir və bir qrup dini hövzə alimlərinin köməyi ilə "İslamda hökumət" məsələsini araşdıran tədqiqat qrupu yaradır.
1962-ci ildə İmam Xomeyninin şah əleyhinə başladığı hərəkata qoşulan Doktor Behişti bu hərəkatda xüsusi rola malik olur. İşində dəqiqlik, elmi mərifət və iman itiliyi səbəbinə görə Behiştini İranda İslami koalisiyasının dini rəhbəri seçilir. O iti zəkası ilə xalq və ruhanilik arasında vasitə olaraq kütlənin vəzifələrini onlara çatdırmaqda əvəzsiz işlər görür. Bununla yanaşı gələcəkdə İslam Respublikasının qurulması istiqamətində geniş layihələr işləyir. İslam Respublikasının bu gün də istifadə etdiyi əsas qanunu olan konsitutsiyasını da Doktor Behişdi öz qələmi ilə ərsəyə gətirir. Onun faliyyətini yaxından izləyən şah qısa zaman kəsiyində Ayətullah Behiştini həbs etdirərək onu Qumdan sürgün etdirir. Bir müddət Qumdan kənarda məhdud fəaliyyət göstərən Dr. Behişti 1964-cü ildə Ayətullah Burucerdinin istəyi ilə Almaniyaya təbliğə göndərilir. Dr. Behişti orada Hamburq məscidini qurur, bir çox kilsə və universitetlərdə, təşkilatlarda konfranslar keçirir. Bununla yanaşı o, Səduyyə Ərəbistanı, Suriya, Türkiyə kimi ölkələrə də səfərlər edir. 1969-cu ildə Behişti İraqa gələrək burada sürgündə olan İmam Xomeyni ilə görüşür. Görüşləri zamanı İmam Xomeynidən aldığı təlimatlar üzrə İrana qayıdır. Burada o alimlərin bir təşkilat ətrafında toplaşmaq vəzifəsi ilə çıxış edir. Bu hərəkat ruhanilər və xalqa birlik layihəsinin davamı olaraq Dr. Behiştinin başçılığı altında fəaliyyətə başlayır. Bir il sonra İmam Xomeyninin fətvası əsasında digər ruhanilərin də qatıldığı bu təşkilat «İslami Dirçəliş Hərəkatı» olaraq qurulur. Bununla bərabər Şəhid Behişti hazırladığı konsitutsiyanın bəzi hissələrinə düzəliş verərək «Vilayəti Fəqih» bölməsin də konsitutsiyaya əlavə edir. Və bu əsas qanunu ümumi kütləyə paylayır.
1975-ci ildə nəhayət ki, Ayətullah Behişti doktorluq dissertasiyasını "Quranda metafizik məsələlər" mövzusunda Ustad Şəhid Mütəhhərinin elmi rəhbərliyi ilə müdafiə edir və fəlsəfə elmləri doktoru dərəcəsini alır. Həyatının bundan sonrakı gedişi Ayətullah Behiştini siyasi cəbhədə daha çox təzahür etdirir. İctimai yığıncaqlarda, mədəni tədbirlərdə Ayətullah Behişti çox tez-tez görünür. Dini yığıncaqlarda moizələri ilə insanları haqqa çağıran Behişti düşmən üçün əks bir cəbhəyə çevrilir. Bu istiqamətdə çalışmaları ilə yanaşı Doktor Behiştinin ecazkar qələmi bir çox kitablara da müəlliflik edir. «Namaz nədir?», «Quranda Uca Allah», «Tanıma», «Dini tanıma», «Dinin insan həyatındakı rolu», «Hansı din», «İslamda müsəlmanlar arasında ruhaniyyət», «Dirəniş», «İslamda bankçılıq», «Mülkiyyət» və sair bir çox bu gün üçün də aktual olan kitablara Doktor Behişti müəlliflik edir.
1978-ci ilin Noyabr ayında Doktor Behişti Şəhid Ayətullah Mütəhhəri, Şəhid Ayətullah Doktor Müfəttih, Ayətullah Məhdəvi Kani və Ayətullah İmami Kaşani ilə birlikdə Tehran Mübariz Ruhanilər Birliyini yaradır. Çox keçmədən bütün İrandan ruhanilər bu təşkilatı dəstəkləməyə başlayırlar və Ayətullah Seyid Əli Xamneyi, Ayətullah Meşkini, Ayətullah Rəbbani Əmləşi, Ayətullah Təbərsi və Şəhid Haşiminejad kimi şəxsiyyətlər həmin bu birliyə qoşuldular. Aparılan qanlı və böyük mücadilədən sonra nəhayət ki, 1979-cu ildə İran İslam Respublikası inqilab yolu ilə qurulur. Dr. Behişti Ayətullah Xamineyi ilə birlikdə İslam Respublikasının Parlamentini təşkil edir. Şəhadətinə qədər də o bu parlamentə başçılıq edir. Əlavə olaraq İmam Xomeyni tərəfindən İnqilab qurulduqdan sonra, 1979-cu ildə İslam Respublikasının ali məhkəməsinin başçısı da təyin olunur. Ən böyük arzusunun Fələstinin Sionist İsrail işğalından qurtarması olan Şəhid Behişti İmam Xomeyninin Ramazan ayının hər son cüməsinin «Ümüdünya Qüds günü» elan edilməsini böyük sevinclə qarşılayaraq bunun bütün dünyada qeyd olunması üçün əlindən gələni edir.
O xarici siyasətdə nə Qərb, nə Şərq prinsiplərinə dəstək verir. Onun dünya görüşünə əsasən inqilabın təməl prinsipləri demokratiyanın aldadıcı mövcudluğundan haçansa bezib usanacaq, imperalizmin diktator buxovu insanlığı çökdürüb məhv edəcəkdi. Buna görə də o, xarici siyasətə İslamın mütləq İslama məxsus baxışını münasib bilir. Bunun üçün isə o, Qurana əsaslanan həqiqi İslamın daxili strukturda rəhbər olmasını əsas görür və buna bütün enerjisini sərf edirdə. Kənardan olunan bütün təzyiq və hədələrə baxmayaraq Dr. Behiştinin də xüsusi rolu olaraq bu gün də İrananın dünyaya çıxardığı xarici siyasətini heç bir dövlətin siyasi xəttinə bənzəməz surətdə qura bilir. Tam Quranın baxış bucağını müəyyən edən bu siyasi təfəkkür İranın sonralar da bir çox çətinliklər müqabilində sinə gəlməsinə səbəb olur.
Aparılan mübarizənin pak amal olduğunu həmişə diqqətə çəkən Behişti bu yolda fəaliyyəti olan hər kəsə bunu bir İlahi lütf, imtahan adlandırırdı. Bu imtahanın həqiqi kamillərini şəhidlik, günahkarlarını isə paklanması üçün bir fürsət sayan Behişti tərəfdarlarına həmişə bu ayəni oxuyaraq onların fürsətə hazır olmalarını istəyir: «İnsanlar (möminlər) yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!» (Ənkəbud surəsi ayə 2-3).
1981-ci il 28 İyun tarixində Ayətullah Muhəmməd Hüseyn Behiştinin başçılıq etdiyi İslam Respublikasının Parlament Yığıncağında Parlament binasına yerləşdirilən partlayıcı qurğunun partlaması nəticəsində Dr. Behişti də daxil olmaqla 72 parlament üzvü şəhid oldu. Bu terror dalğası Behişti və onun simasında olan digərlərini şəhadətə çatdıra bildi, amma qurulacaq dövlətə isə yalnız qanla suvarılmış möhkəm təməl rolundan başqa bir şey edə bilmədi. Ayətullah Muhəmməd Hüseyn Behişti və onun 71 parlament müttəfiqi ilə Tehranda, «Behişti Zəhra» məzarlığında dəfn olundu.
 
MBH tədqiqat mərkəzi