Brüsseldə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub

Brüsselin Avropa məhəlləsində karantin qaydalarına etiraz edənlərlə hüquq-mühafizə qüvvələrinin nümayəndələri arasında toqquşma baş verib.

Brüsseldə bu gün pandemiya ilə bağlı karantin qaydalarına qarşı nümayiş qarşıdurmalarla yadda qalıb. TASS-ın bildirdiyinə görə, Belçika paytaxtının Şimal vağzalında on minlərlə insan toplaşıb. İnsanlar əllərində: "Demokratiya azadlıqdır", "QR kodlara yox!", "Koronavirus Cəmiyyəti yoxdur!"-deyə etiraz edib. Aksiya həm sağ, həm də sol baxışlı fəalların daxil olduğu “EuropeansUnited” adlı (“Birləşmiş avropalılar”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub. Aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, İspaniya, İtaliya sakinləri, eləcə də Brüsseldə yaşayan bir çox Aİ dövlətlərinin vətəndaşlarının nümayəndələri iştirak ediblər.

 Aksiyanın keçirilməsinə şəhər rəhbərliyi tərəfindən icazə verilsə də aksiya insidentsiz ötüşməyib. Bir neçə yüz nümayişçi digər aksiyaçılardan ayrılaraq, Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışıb. Aksiyaçılar polisə fişəng və butulkalar atmağa başlayıb. Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşıdurma zamanı 10-a qədər adam saxlanılıb.