Bərdədə BQXK-nin könüllüsü də həlak olub

Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü həlak olub.
 
Bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 
 
"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi”, - deyə yazıda qeyd olunub.  
 
Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu açıqlamasında deyib: "39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!" 
 
Məlumatı Azərbycan prezidentinin köməkçisi Hikmət Hacıyev də təsdiq edib. 
 
O, bu barədə "tvitter" hesabında yazıb. 
 
Baş Prokurorluğun yaydığı  məlumata görə, Bərdədə 21 nəfər həlak olub, 70 nəfər yaralanıb. 
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
 
Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 
 
Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.
 
3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-da saat 08:00-da qüvvəyə minib.