Böyrəyini satan ata: ‘Dərmanlara pul tapa bilmirdim’

Böyrəyini satan ata: ‘Dərmanlara pul tapa bilmirdim’

Samux sakini Sarvan Məmmədov xəstə övladının müalicəsindən ötrü böyrəyini satdığını deyir. O, bu barədə həm prokurorluqda, həm də məhkəmədə ifadə verib.

Sarvan Məmmədov böyrək alverində - adamları öz orqanlarını satmağa məcbur etməkdə suçlanaraq həbs olunan Vahib Xudadatovun işindəki 27 zərərçəkəndən biridir. Ancaq özü deyir ki, onu heç kim, o cümlədən də Vahid Xudadatov məcbur etməyib. Pula ehtiyacı olduğundan böyrəyini könüllü şəkildə satıb, özü bu barədə elan verib.

Ehtiyacları barədə danışan Sarvan Məmmədov bildirir ki, 4 yaşlı qızı talassemiya xəstəliyindən əziyyət çəkir:

"Onun xəstəliyinin müalicəsi üçün bahalı dərmanlar lazımdır. Pul tapa bilmirdim..."

Sarvan Məmmədov özü də talassemiya daşıyıcısı olduğuna görə 2012-ci ildən ona ikinci qrup əlillik verilib.

“Bakıdan təxminən 14 nəfər gəlib”

Böyrəyini satması barədə elandan sonra Vahib Xudadatovla tanış olub, 10 minə razılaşdıqlarını söyləyir. Sarvan Məmmədov deyir ki, əvvəldən Vahibə talassemiya daşıyıcısı və əlil olduğunu gizlətməyib. Ancaq Vahib onu Bakıdakı özəl klinikalardan birinə aparıb və oradan qanının təmiz olması barədə analiz cavabı alınıb.

Həmin klinikada müayinəni bu cinayət işindəki bütün böyrək köçürmələri əməliyyatlarını icra etmiş iranlı həkim Mohsen Tahiri aparıb.

Sarvan deyir ki, indi təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında dayanan Vahibi həkimin köməkçisi kimi tanıyıb.

Onun böyrəyi Şahmar Əsədov adlı şəxsə köçürülüb. Əməliyyatdan öncə hər ikisi İrana gedib, orada Mohsen Tahiri onları təkrar müayinə edib, köçürmənin mümkünlüyünə qərar verilib.

Bundan sonra Bakıya geri qayıdıblar ki, bir neçə gün sonra əməliyyat üçün Tacikistana getsinlər. Bakıda hava limanında olanda o da daxil, böyrək köçürməsi məqsədilə Düşənbəyə gedən altı nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Böyrəyini satanları həmin gün axşam, Vahib Xudadatov və iranlı həkim Mohsen Tahirini isə bir qədər sonra buraxıblar. Bu səbəbdən transplantasiya əməliyyatı altı ay sonra - 2017-ci ilin aprelində Düşənbədə baş tutub.

Zərərçəkən danışıb ki, ehtiyacı olduğuna görə əməliyyata qədər dolanışıq üçün Vahib Xudadatovdan hissə-hissə 6 min manat pul almışdı:

“Düşənbədə xəstəxanada olanda tibb bacısı dedi ki, transplantasiyaya görə Bakıdan təxminən 14 nəfər gəlib, Tahiri həkim əməliyyat edib".

Sarvan Məmmədov deyir ki, Bakıya qayıdandan sonra Vahib ona daha 1700 manat verib. Qalan 2 min 300 manatı verilmədiyinə görə o, polisə şikayət edib. Bundan sonra polisdə araşdırma zamanı Vahib Xudadatov qalan pulu ödəyib, bu barədə akt da tərtib olunub.

Böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir.

Facebook