Bolqarıstandan qovulan rus diplomatlar belə etiraz etdilər

Rusiya hökumətinin iki təyyarəsi Bolqarıstandan qovulmuş 70 diplomatı ailələri ilə birlikdə götürərək Sofiyadan Moskvaya yola düşüb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir  ki, Bolqarıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, ölkəni tərk edən rusların ümumi sayı 180 nəfərdən çox olub. 

Belə ki, qovulan 70 nəfərin hamısı diplomat deyil, bəziləri aşpaz, sürücü və ya bağban kimi texniki işçilərdir. Rus diplomatlar arasında Rusiya səfirliyinin nümayəndəsi Filip Voskresenski də “qanunsuz və həyasızcasına qovulmuş” rusların heç birinin Bolqarıstan Respublikasına qarşı işləmədiyini bildirib.

Maraqlısı budur ki,  diplomatlar ölkəni tərk edərkən üzərində Putinin şəkli əks olunan köynək geyiniblər. Bununla da, diplomatlar Bolqarıstana öz etirazlarını  bildiriblər.

Qeyd edək ki, Bolqarıstan 70 rus diplomatını persona non qrata elan etdi ki, bu, Britaniyanın 1971-ci ildə Soyuq Müharibə zamanı 105 sovet diplomatını ölkədən çıxarmasından bəri ən böyük qovulmadır.