BMT: Kabil hücumunda ölənlərin əksəriyyəti şiə qadınlardır

BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) Kabildəki terror aktı zamanı həlak olanların 60 faizdən çoxunun Həzarə şiə icmasından olan gənc qadınlar olduğunu bildirib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, UNAMA Tvitter mesajında yazıb: "Taliban bütün əfqanların təhlükəsizliyini təmin etmək üçün öhdəliklərini yerinə yetirməlidir. Təhsil qərəzsiz və zorakılıqdan azad olmalıdır".

UNAMA başqa bir tvitində də yazıb: BMT ailəsi bu qəzəbi pisləyir və həlak olanların hamısına dərin hüznlə başsağlığı verir.

Dərc edilən məlumatlara görə, cümə günü səhər saatlarında Kabilin Dəşti-Bərçi məhəlləsindəki Kaj təhsil mərkəzində kamikadzenin hücumu nəticəsində iyirmidən çox adam həlak olub, onlarla insan yaralanıb.

Terror partlayışı məktəblilərin universitetə qəbul imtahanı üçün məşq etdiyi zaman baş verib.

Bu elə bir haldadır ki, Taliban qrupu əfqan xalqının, xüsusən də həzarələr və şiələrin təhlükəsizliyini təmin edəcəyinə söz vermişdi. Lakin Əfqanıstanın müxtəlif bölgələrində, o cümlədən Kabildə baş verən iğtişaşlar və qanlı partlayışlar nəinki azalmayıb, onlarn sayı hətta artıb.

Partlayışlara görə məsuliyyəti bir qayda olaraq, İŞİD terror qruplaşması öz üzərinə götürsə də, Əfqanıstanda iyirmidən çox terror qruplaşmasının fəaliyyət göstərdiyi və bu ölkənin xalqını öz çirkin məqsədləri üçün öldürdüyü bildirilir.