Bişkekdə etirazçılar meriya binasını ələ keçirdilər, yaralıların sayı artıb

Qırğızıstanda baş verən qarşıdurmalar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb.

Operativ.tv-nin TASS-a istinadən məlumatına görə, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Onlardan 150-i xəstəxanalara yerləşdirilib", - deyə xəbərdə bildirilir. Qarışıqlıqlar zamanı həmçinin 1 nəfər öldürülüb.

Məlumata görə, paytaxt Bişkekdə etirazçılar meriyanın binasını ələ keçiriblər. Şəhər meri Aziz Surakmatov "24.kg" agentliyinə açıqlamasında məlumatı təsdiqləyib. Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, etirazçılar ölkədə keçirilmiş parlament seçkilərinin nəticələri ilə razılaşmırlar. Daha əvvəl etiraz aksiyasının iştirakçıları Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi, sabiq baş naziri Sapar İsakovu həbsxanadan azad ediblər. Eyni zamanda aksiyaçılar dövlət başçısının administrasiyasının olduğu parlament binasını da tutublar.