Bişkek merinin istefası tələb edilib

Naməlum şəxslər Bişkek merinin iqamətgahına daxil olmağa cəhd edib.
 
Bu barədə "24.kg” informasiya agentliyi məlumat verib. 
 
Məlumatda 100-ə yaxın insanın iqamətgah qarşısında toplaşdığı bildirilib.
 
Onlar hazırda şəhər meri vəzifəsini icra edən Nariman Tyulayevin istefasını tələb ediblər: "Nariman, əgər sən getməsən, biz gələcəyik. Bizə gənclər lazımdır, qocalar yox”.
 
Oktyabrın 20-də Bişkek meri vəzifəsindən istefa verən Əziz Surakmatovun yerinə bu vəzifəyə şəhərin eks-meri Nariman Tyulayev təyin olunub. 
 
Qanuna görə, Bişkek meri şəhər şurasının (Keneş) deputatları tərəfindən seçilir.
 
2013-cü ildə Tyuleyev Bişkek meri olduğu zaman korrupsiya ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə ağır rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum olunub.
 
2016-cı ildə amnistiyaya düşüb və dövlətə 30 milyon som (375 min dollar) məbləğində dəyən ziyanı ödədikdən sonra sərbəst buraxılıb. 
 
Nariman Tyulayev 2008-2010-cu illərdə Bişkekin meri vəzifəsində çalışıb.