Bir vaxtlar təhqir etdiyin sistemə indi qulluq edirsən...

Fazil Mustafa adəti üzrə yenə gündəm yaradan mövzuya toxunub. Rəşad Dağlının meyxana deyərkən Ruhullah Xomeyni və Behcətin ünvanına söylədiyi qafiyəyə görə üzr istəməsini kəskin qınayıb. Bu münasibətlə müsahibə verib. Müsahibəsində toxunduğu bir sıra məsələlər diqqətimi çəkdi. Bəzi yerlərində isə çox təəccübləndim. Ən təəccüblüsü isə Azərbaycan kimi dinin dövlətdən, Fazilin də dindən ayrı olduğu bir ölkədə xalqın etimadını qazanaraq şəffaf seçkilərlə Milli Məclisdə mandat sahibi olan siyasətçinin din və dövlət məsələlərinə bu cür primitiv yanaşmasıdır. 
F. Mustafa deyir ki, guya inanclılar arasında seyyid Xomeyni, Sistani adı çəkdinsə, bu, dinin simvoludur. Sonra da deyir ki, şəxslər dinin simvolu ola bilməz.
Şübhəsiz, heç bir din alimi dinin simvolu deyil, ola da bilməz! Məgər indiyədək belə bir şey iddia edən olub ki? Mən xatırlamıram. Yaxşı olar ki, F. Mustafa faktlarla danışsın və kimlərin şəxsləri dinin simvoluna çevirdiklərinə dair faktlar ortaya qoysun.
Sonra deyir ki, dinin simvolu Qurani-Kərimdir. Hətta peyğəmbəri də tənqid ediblər. 
Bu iki cümlədə isə çox kobud səhvlərə yol verib. Birincisi, Qurani-Kərim dinin simvolu deyil. Çünki simvol şərti əlamətdir. Məsələn göyərçin sülhün simvoludur, sülhü ifadə edir, amma şərti şəkildə. Halbuki Quran-Kərim özündə islam dininin prinsiplərini ehtiva edən səmavi kitabdır. Qurana simvol demək sadəcə savadsızlıqdır. 
İkincisi, cahil ərəblər peyğəmbərdən çox elə Qurana qarşı çıxır, onu tənqid edir, keçmişdəkilərin uydurduqları əfsanələr olduğunu iddia edirdilər. Əgər dinin simvolu olan şey tənqidin fövqündə olmalıdırsa, o zaman F. Mustafa hansı əsasla Quranı dinin simvolu hesab edir, Peyğəmbəri (s) isə yox? Bir halda ki, hər ikisi də tənqid olunub.
F. Mustafa sonra deyir ki, İranda da Xomeynini tənqid edirlər, nə olsun? Orada hamı çıxıb üzr istəyir? 
F. Mustafanın bu fikri mənim üçün çox müəmmalıdır. Görəsən konkret olaraq nə demək istəyir? Sətiraltı nəyə eyham edir? Yəni demək istəyir ki, İranda elə bir fikri mühit formalaşıb ki, hətta Xomeynini belə tənqid etsən, çıxıb üzür istəməyə ehtiyac yoxdur, amma bizdə buna görə üzr istəyirlər? Yəni sözündən belə çıxır ki, İran cəmiyyəti daha demokratik cəmiyyətdir? Ola bilsin bunu nəzərdə tutmayıb. Amma verdiyi müsahibəni ağıllı başla yenidən bir dəfə də oxusa, bu nəticənin çıxdığını görərdi. 
Sonra deyir ki, kimliyindən asılı olmayaraq heç kimi təhqir etmək olmaz.
Çox gözəl! Bəs dediyinə niyə əvvəlcə özün əməl etmirsən? Müsahibəndə bəzi şəxslərin ünvanına niyə "axmaq" deyə müraciət etmisən? Peyğəmbərin (s) onu tənqid edənlərə kin bəsləmədiyini söyləmisən, o zaman niyə özün kin bəsləyir, bununla kifayətlənməyərək hətta onlara "axmaq" belə deyirsən? Ümumiyyətlə, millət vəkili postunda əyləşən bir insan niyə öz xalqının nümayəndələrinə qarşı bu cür nalayiq ifadələr işlətsin ki? Kimlərisə təhqir etmək- onları xor görmək, onlara yuxarıdan aşağı baxmaqdır. F. Mustafanın təhqirləri isə təkcə bununla bitmir. Bu adam ölkədə kimləri təhqir etməyib ki. O, hətta vaxtilə Heydər Əliyevi də təhqir etmişdi. Amma çox şükür ki, layiqli cəzasını aldı. Deyəcəksiniz ki, cəzasını necə aldı, adam deputatdır. Xeyr! Başa düşən üçün bundan böyük cəza ola bilməz! Biri var kimisə təhqir edirsən, sonra buna görə səni həbsə atırlar, hüquqlarını əlindən alırlar və s. O zaman sən xalqın gözündə qəhrəmana çevrilirsən. Biri də var bir vaxtlar təhqir etdiyin sistemə indi qulluq edirsən. Bu cür şəxslərə xalqın münasibəti də aydındır. Bax bundan böyük cəza yoxdur, inanın! Hələ bu YAP hökümətinin cəzasıdır. Öz xalqının nümayəndələrini "axmaq" adlandıran şəxsin o biri dünyadakı cəzası nədir, onu bir tək Allah bilir.

Təbriz Qasımov