"BioNTex" koronavirus ştammına qarşı yeni vaksin hazırlayır

Almaniyanın "BioNTex" şirkətinin rəhbərliyi koronavirusun yeni ştammlarına qarşı vaksini yüz gün ərzində hazırlaya biləcəklərini söyləyib.  

Bu barədə şirkətin baş direktoru Uğur Şahin və tibbi tədqiqatlar üzrə direktoru Özləm Türəçi Fransanın ECO qəzetinə müsahibələrində deyiblər. 

Şahinin sözlərinə görə, şirkətin öz effektliyini isbat etmiş bütün texnologiyaları var və zərurət yarandığı halda yüz gün ərzində yeni vaksin hazırlanacaq. O, qeyd edib ki, preparat istifadəyə verilməzdən əvvəl müvafiq instansiyalarda sınaqdan keçməlidir.

"BioNTex"-in artıq mövcud olan vaksinin yeni ştammlara qarşı effektli olması haqqında suala cavab verən ekspertlər bildiriblər ki, vaksini RNT matritsa texnologiyası əsasında yeni şərtlərə adaptasiya etmək lazımdır. Türəçinin sözlərinə görə, belə texnologiya onkoloji tədqiqatlar zamanı dəfələrlə sınaqdan keçirilib. 

Öz növbəsində Şahin bildirib ki, indi şirkət hazırladıqları preparatın koronavirusun yeni ştamlarından da müdafiə etməyə qadir olub-olmamasını yoxlamaq məqsədilə peyvənd olunmuş insanların qan analizlərini tədqiq edir. Onun sözlərinə görə, sınaqlar 30 ştamm üzərində aparılıb və vaksin onların əksəriyyətinin öhdəsindən gəlib. Amma bir sıra ştammlara qarşı anticisimlərin fəallığı aşağı olub, bəzən 2-3 dəfə. 

İyulun 9-da "Pfizer" və "BioNTex" şirkətləri Amerika və Avropa tənzimləyicilərindən üçüncü doza peyvənd vurulmasına icazə istəmək niyyətində olduqlarını elan ediblər. Alimlər bildiriblər ki, yüksək qorunma səviyyəsini saxlamaqdan ötrü tam peyvənlənmədən sonrakı 6-12 ay ərzində üçüncü dozanın lazım ola biləcəyi qənaətinə gəliblər.