Bidzina İvanişvili siyasətdən getdi

Gürcüstanlı milyarder, hakim Gürcü Arzusu Partiyasının təsisçisi və sədri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. 
 
"Sputnik Gürcüstan"ın yanvarın 11-də verdiyi xəbərə görə, İvanişvili bu barədə ictimaiyyətə açıq məktub ünvanlayıb. 
 
"Mən siyasəti birdəfəlik tərk etmək və idarəçiliyi tamamilə buraxmaq barədə qərar qəbul etmişəm. Hesab edirəm ki, mənim missiyam başa çatıb", - deyə milyarder məktubunda bildirib. 
 
Bidzina İvanişvili 1956-cı ildə Gürcüstanın İmereti rayonunun Çorvila Saçxer kəndində anadan olub. 1990-cı illərdə Rusiyada böyük biznes imperiyası quran İvanişvili 2011-ci ildə Gürcüstanda siyasətlə məşğul olacağını bəyan edərək, Gürcü Arsuzu Partiyasını təsis edib və 2012-ci ildə hakimiyyətə gəlib. Bundan bir il sonra o, siyasəti tərk etdiyini bəyan edib. 2018-ci ildə isə yenidən siyasətə qayıdıb və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib. 
 
Sonuncu qərarı ilə Bidzina İvanişvili 10 ildə ikinci dəfə siyasəti tərk etdiyini bəyan edib. 
 
7 milyard dollar sərvətə malik olduğu iddial edilən İvanişvilini bəzi siyasi şərhçilər Gürcüstan hakimiyyətinin real idarəçisi hesab edirlər.