Benzin niyə bahalaşdı? - Ekspert SOCAR-ı günahlandırır

“Dünya bazarında neftin qiyməti ucuzlaşan zaman Azərbaycanda niyə benzinin qiyməti yerində qalır? Bu suala vətəndaşlar illərdir, cavab axtarsalar da, tapa bilmirlər”.

Bunu iqtisadçı ekspert Nazim Bəydəmirli “Aİ-98” markalı benzinin bahalaşması xəbərini “Toplum TV”-yə şərh edərkən deyib.

Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.

Bu barədə “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

"Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.

İyulun 31-də isə Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 5 qəpik artırılmışdı. Həmin tarixdə bahalaşmaya səbəb kimi dünya bazarında neftin və neft məhsullarının bahalaşması göstərilmişdi. 

Avqustun 3-nə olan məlumata görə isə dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Belə ki, London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar azalaraq 72,77 dollar, Nyu-York  birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar ucuzlaşaraq 71,12 dollar olub.

Dünya bazarında neftin qiyməti ucuzlaşdığı halda Azərbaycanda benzin niyə bahalaşır?

İqtisadçı-ekspert Nazim Bəydəmirli deyir ki, SOCAR-ın məlumatı doğru olsa da, tam olaraq həqiqəti əks etdirmir: “SOCAR-ın doğru qeyd etmədiyi məqam ondan ibarətdir ki, guya dünya bazarının qiymətləri bizim bazarda rol oynayır. Bəs dünya bazarında neftin qiyməti ucuzlaşan zaman Azərbaycanda niyə benzinin qiyməti yerində qalır? Bu suala vətəndaşlar illərdir, cavab axtarsalar da tapa bilmirlər”.

Ekspertin sözlərinə görə, sualın cavabını SOCAR-ın şəffaf idarəetməyə sahib olmamasında axtarmaq lazımdır: “Bütün bunlar onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatından söhbət belə gedə bilməz. Çox təəssüf ki, SOCAR nə dünya bazarındakı, nə də daxili bazardakı qiymətlərə uyğun fəaliyyət icra edə bilir. Nəticədə hamı bu şirkətdən narazıdır. Bu yaxınlarda Hesablama Palatası 2020-ci ilin yekunlarına dair hesabatını açıqladı. Hesabatda SOCAR-ın dövlət büdcəsinə olan borcu və rəhbərlərinin bonus alması faktı göstərilmişdi, bu, hələ də ictimaiyyətin diqqətindən silinməyib. Düşünürəm ki, SOCAR-da kifayət qədər qanun pozuntuları baş verib, orada müəyyən vəzifələri tutmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

SOCAR-ın 2020-ci ilə dair illik hesabatına görə, qurum son bir ildə 1,7 milyard manat zərər edib. Şirkətin prezidentinə və 12 vitse-prezidentinə isə ötən il maaş və mükafatlardan başqa, ümumilikdə 1 milyon 376 min manatlıq bonus ödənişi edilib.