BBC: "İndi də Laçından ermənilər qaçır"

"BBC"-nin rus xidməti noyabrın 18-də Laçın rayonundakı vəziyyətlə bağlı reportaj hazırlayıb. Verilən məlumata görə, hazırda ermənilər rayonu tərk edirlər. 
 
"Azərbaycan əhalisi 1992-ci ildə Laçından qaçıb, ermənilər isə şəhəri yandırıblar. Sonradan onlar şəhərin bir hissəsini bərpa edərək məskunlaşıblar (birinci müharibəyə qədər şəhərdə yeddi-səkkiz min azərbaycanlı yaşayıb, ikinci müharibəyə qədər təxminən iki min erməni), şəhərin adını isə Berdzor kimi dəyişdiriblər. Sülh razılaşmasının onları xilas edəcəyini güman etmək olardı: Azərbaycan ordusu bir neçə kilometrlik məsafədə idi və dəhlizin mövcud olduğu Laçın rayonu onun üçün açıq-aydın ilkin məqsəd idi. İndi isə Laçından ermənilər qaçır", - reportajda qeyd edilib. 
 
Laçındakı ən böyük mağazanın sahibi Stepan mağazasını bağlamalı olub. Buranın iqtisadiyyatını canlandırmaq üçün ABŞ-dan gələrək iş quran Stepan jurnalistə açıqlamasında  deyib ki, Yerevana qayıdır. 
 
"Laçında iki min insan yaşayanda belə, şəhər ayın axırını zorla gətirirdi, indi bəs necə olacaq? Ona görə də insanların köçüb getməsi təəccüblü deyil. Biz bura erməni dövləti qurmaq üçün gəlmişdik. Amma bu dövlət artıq mövcud deyil", - deyə Stepan bildirib. 
 
"BBC"-nin yazdığına görə, erməni rəsmiləri Dağlıq Qarabağdakı müharibə başa çatandan sonra, bölgəyə bir həftə ərzində 1200 adamın qayıtdığını bildiriblər. Amma müharibə zamanı oradan on minlərlə insan qaçıb, indi qayıdanların sayı gedənlərlə müqayisədə çox azdır. 
 
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında noyabrın onunda bağlanan sülh razılaşmasına əsasən, Laçın rayonu dekarın birində Azərbaycana təhvil verilməlidir.