“Bazar iqtisadiyyatına keçidin başa çatmaması “Doing Business” hesabatında geriləməyə səbəb olub”

Azərbaycan hesabatda 9 pillə geriləyib

Dünya Bankının ictimai qrupu olan “Doing Business-2020” reytinqində Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutub.

2019-cu il üçün hesabatda Azərbaycan 25-ci yerdə idi. Azərbaycan “Doing Business” hesabatına 2015-ci ildən cəlb edilib. 2015-ci il hesabatında 80-ci yer, 2016-cı il 63-cü, 2017-ci il 65-ci, 2018-ci ildə 57-ci olub.

Bundan başqa 2019-cu il üçün hesabatda Azərbaycan 10 ən islahatçı dövlət sırasına daxil edilmişdi.

“Biznesin asanlaşdırılması” (“Doing business”) tədqiqatı ölkədə biznesin durumunun dəyərləndirmilməsində ən çox istinad edilən beynəlxalq mənbə sayılır.

Son reytinq cədvəlində Gürcüstan 7-ci, Litva 11-ci, Estoniya 18-ci, Latviya 19-cu, Qazaxıstan 25-ci, Rusiya 28-ci, Türkiyə 33-cü, Ermənistan 47-ci yerdədir.

“Turan” İnformasiya Agentliyinin bununla bağlı təhlilində qeyd olunur ki, Azərbaycanın son hesabatdakı yeri qənaətbəxş olsa da, ölkəmizin reytinqinin son 1 il ərzində 9 pillə pisləşməsi narahatlıq doğurur və “islahat”larla təzad təşkil edir.

Təhlili yazıda göstərilir ki, hesabatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir.

“Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir. Hesabatda əks olunan 10 indikator birlikdə Biznesin aparılmasının asanlığı indeksini formalaşdırır. Burada əmək bazarının səmərəliliyi və dövlət satınalmaları indikatoru ümumi reytinqin hesablanmasında nəzərə alınmır.

“Hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir.

Son hesabata görə, Azərbaycanın mövqeyinin pisləşməsinə aşağıdakı 5 göstərici üzrə geriləmə mənfi təsir göstərib:

1) “Vergi ödəmək” - 40-cı yer (ötən il 20-ci yer)

2) “Əmlakın qeydiyyatı” - 44-cü yer (ötən il 17-ci yer)

3) “Müflisləşmənin həll edilməsi” - 47-ci yer ( ötən il 45-ci yer)

4) “Elektrik enerjisini əldə etmək” - 80-ci yer ( ötən il 74-cü yer)

5) “Xırda investorların qorunması” - 105-ci yer (ötən il 2-ci yer).

Odur ki, Azərbaycanın mövqeyinin gerilədiyi hər bir indikator üzərində ayrıca dayanaq:

1) “Vergi ödəmək” indikatoru özündə firmanın bütün vergi qaydalarını yerinə yetirməsi üçün ödənişləri (il üzrə sayı), vaxt (il üzrə saatları), ümumi vergi dərəcəsi (mənfəətdə %-lə) və bəyannamələr təqdim edildikdən sonrakı prosesləri (bura ƏDV ödənişlərinin əvəzlənməsinə və geri alınmasına, müəssisələrin gəlir vergisi düzəlişlərinə sərf edilən vaxt daxildir) özündə əks etdirir. 2020-ci il hesabatından görünür ki, Azərbaycanda vergi ödənişlərinin sayı 9, ona sərf olunan vaxt 159 saat, cəmi vergilər və onların töhfə dərəcəsinin mənfəətdə payı 40,7 faiz, bəyannamələr təqdim edildikdən sonrakı proseslərin indeksi 100 bal üzrə 83,8 olub. Beləliklə də bu indikator üzrə Azərbaycan 100 ballıq qiymətləndirmədə 84 bal qazanaraq 40-cı yerdə qərarlaşıb. Halbuki Azərbaycanın ötən ilki yeri 20-ci idi. Son hesabatda bu indikator üzrə Azərbaycanın mövqeyinin pisləşməsinin əsas səbblərindən biri bura ƏDV ödənişlərinin əvəzlənməsinə və geri alınmasına sərf edilən vaxtın uzanması və sosial sığorta ödənişlərinin mənfəətə xüsusi çəkisinin yüksək olmasıdır.

2) “Əmlakın qeydiyyatı” indikatoru prosedurların sayı, vaxt (günlərlə), xərclər (əmlakın dəyərində faizlə) və ərazi idarəetməsi keyfiyyəti indeksi ilə ölçülür. Hazırda Azərbaycanda əmlakın qeydiyyatı üzrə prosdurların sayı 4-ə, vaxtı 4,5 günə qədər endirilsə, bu məqsədlə çəkilən xərclər yüksək olaraq qalır. Belə ki, əmlakın qeydiyyatı üzrə xərclərin əmlakın dəyərində payı orta hesabla Avropa və Mərkəzi Asiya ölkələrində 2,7 faiz, İƏİT üzv olan ölkələrdə 4,2 faiz təşkil etməsinə baxmayaraq Azərbaycanda müvafiq göstərici 7 faiz təşkil edir. Yeri gəlmişkən qeyd edim ki, Səudiyyə Ərəbistanında əmlakın qeydiyyatı üçün ödəniş tələb olunmur. Bununla yanaşı Azərbaycanda əmlakın qeydiyyatı indikatorunun təkmilləşdirilməsi üzrə potensial ərazi idarəetməsi keyfiyyəti indeksindədir. Bu indeks üzrə də Azərbaycan Avropa və Mərkəzi Asiya, həm də İƏİT üzv olan ölkələrin orta göstəricindən geri qalır. Bu indeks üzrə əsas islahatlar mübahisələrin həlli, informasiyaların açıqlığı və infrastrukturun uyğunluğu sahəsində aparılmalıdır.

3) “Müflisləşmənin həll edilməsi” indikatoru ödəmə əmsalı (vaxt və xərclə) və müflisləşmə çərçivəsinin gücü ilə ölçülür. Bu indikator üzrə Azərbaycanın mövqeyini pisləşdirən ölkədə fəaliyyət göstərən müəssislərin ödəmə (canlanma) dərəcəsinin aşağı olmasıdır. Belə ki, bu göstərici Azərbaycanda hər dollara görə 39,7 sent təşkil etdiyi halda İƏİT üzv ölkələrdə 70,2 sentdir. Bu indikator üzrə Azərbaycanın hazırkı mövqeyi ötən illə müqayisədə cüzi pisləşib.

4) “Elektrik enerjisini əldə etmək” indikatoru elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurları (sayla), vaxtı (günlərlə), xərci (adambaşına düşən milli gəlirə faiz nisbəti ilə) və təchizatın etibarlılığı və tariflərin şəffaflığı indeksi ilə ölçülür. “Doing business 2020” hesabatı göstərir ki, Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dir ki, bu da Avropa və Mərkəzi Asiya, İƏİT üzv olan ölkələrin orta göstəricilərindən pisdir. Belə ki, həmin göstərici orta hesabla Avropa və Mərkəzi Asiya ölkələrində 5,1, İƏİT üzv olan ölkələrdə isə 4,4-dir. Digər tərəfdən Azərbaycanda elektrik təchizatı şəbəkələrinə qoşulmanın xərci (adambaşına düşən gəlirin 125,7 faizi) Avropa və Mərkəzi Asiya ölkələrindən (adambaşına düşən gəlirin 271,9 faizi) az, İƏİT üzv olan ölkələrdən (adambaşına düşən gəlirin 61 faizi) isə çoxdur. Bu indikator üzrə Azərbaycanın mövqeyini pisləşdirən elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayının çoxluğudur. Bu prosedurlar içərisində ən çox vaxt aparanlar Asan Kommunal texniki şərtin alınması üçün sənədlərin təqdimi (12 təqvim günü) və Azərişıq ASC-də xarici əlaqənin dizaynının tamamlanması və təsdiqlənməsi üçün gözləmədir. (11 təqvim günü).

5) “Xırda investorların qorunması” indikatoru 2 elementdən - maraqların toqquşmasının tənzimlənməsi və səhmdarın idarəetmə indekslərindən – ibarətdir. “Doing business 2020” hesabatı göstərir ki, Azərbaycanda əç çox islahat aparılmalı sahə budur. Belə ki, bu indikator üzrə ölkəmizin mövqeyi 190 ölkə arasında 105-cidir. Azərbaycan bu indikator üzrə 100 mümkün baldan 50-i toplaya bilmişdir. Bunun da başlıca səbəbi nə korporativ şəffaflıq, nə sahiblik və nəzarət, nə də ki, səhmdarların hüquqları indeksləri üzrə ölkəmizdə heç bir iş görülməməsidir”, - təhlildə göstərilib.

Yazıda yekun olaraq bildirilib ki, Azərbaycanın “Doing Business 2020” indeksində geriləməsi həm də bazar iqtisadiyyatına keçid dövrünü başa çatmaması, biznes mühiti və onun tənzimlənməsi ilə bağlı problemlərin mövcudıuğu, ədliyyə-məhkəmə orqanlarının müstəqil olamaması pul və bank sisteminin, məzənnə və valyuta siyasətinin səmərəsiz idarəçiliyi, eləcə də korrupsiya və qeyri-şəffaflıqla əlaqədardır.